18 mart 2025 13:17
129

Novruz Azərbaycanın daha güclü sabahlarının bayramıdır

Azərbaycan bir millət kimi formalaşdığı dövrdən min illər keçir. Bu min illərdə xalq bənzər­siz milli mentalitet yaradıb. Dünyanın heyrətinə dönən adətlər yaradıb, ənənələr yaradıb. Bunlar dünaynın maraqla qarşıladığı, ehtiram göstərdiyi milli dəyərlərdəndir. Belə dəyərlərdən biri də Nov­ruz bayramıdır. Şərqdə, Türk dünyasında sevgilərlə qarşılanan bu bayram Azərbaycanda daha böyük coşquyla, daha böyük ruhla qarşılanır. Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.

28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Ses­siyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbə­kistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədə­ni İrsin Reprezentativ siyahısına salınıb.

Bu bayram həm də bəşəri düşüncələrin gerçəkləşdirdiyi ənənələrin bayramıdır. 2007-ci ildə Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” kampaniyası başladı. Bu təşəbbüs respublikada yaşıllaşdırma kampaniyasının başlanğıcı oldu. 2020-ci ildə yenə Mehriban xanım Əliyevanın ideyası və təşəbbüsü ilə bir gündə 650 min ağac əkildi...

Novruz bayramı milli dəyərlərimizin yaşıl tacıdır. Həm də ona görə ki, bu bayramın mahiy­yətində barış var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliy­yət göstərən siyasi partiyaların rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin milli dəyərlər əsasında formalaşmasının başlanğıcı oldu.

Novruz bayramı haqqında könül mahnıları bəstələnib. Bu bəstələr Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Oqtay Zülfüqarovun, Rəhilə Həsənovanın ... zövqlü, yaddaqalan, tarixi musi­qi­ləridir.

Novruz bayramı haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilib. Bu bayram bədii filmlərdə də (“Yeddi oğul istərəm”,  “Dəli Kür” və s.) böyük sədaqətlə anılır.

Ulu Öndərin siaysi kursunu böyük sədaqətlə davam etdirən Azərbaycan Respublikasının Pre­zi­denti cənab İlham Əliyev də hər il Novruz bayramını Bakı şəhərində sakinlər arasında qar­şı­layır. Bu, həm milli mentalitetə sədaqətdir, həm də vətəndaşlara ehtiarmdır.

Dövlət başçımız ənənəvi olaraq Novruz bayramı ərəfəsində əfv sərəncamları imzalayır ki, bu da Azərbaycan dövlətinin humanizm siyasətinin işığıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qürurla dediyi “Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dua­la­rını eşitdi. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik” kəlam­ları ilə, 2024-cü il martın 18-də Xankəndidə  çıxışında dediyi “2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşan­da, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır”, “Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbə­cə­rə keçmiş köçkünlər qayıdacaqlar, bir neçə kəndə köçkünlər qayıdacaqlar və həyat qaynayacaq” fikirləri arasında milli-mənəvi ruh bağlılığı var.

Novruz bayramı xalqımızın yaşayan, yaşadılan, yaşadılacaq bayramlarındandır. Bu bayram həm də sabahların bayramıdır. Daha güclü Azərbaycanın bayramıdır...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı