26 fevral 2025 08:04
143

2-ci Məkkə Halal Forumunda Azərbaycan pavilyonu açılıb

Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində 2-ci Halal Forumu işə başlayıb. “Halal vasitəsi ilə dayanıqlı inkişaf” mövzusuna həsr olunan tədbir qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi daşıyır.

“İki sahil” xəbər verir ki, fevralın 27-dək davam edəcək forumun sərgi hissəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə Azərbaycan pavilyonu qurulub. Bu pavilyon ölkəmizin halal məhsul və xidmətlərini dünya bazarına tanıtmaq üçün geniş imkanlar yaradır. Pavilyonda ölkəmizin tanınmış şirkətləri öz məhsul və xidmətlərini təqdim edirlər.

Forumda 60-dan çox ölkədən nümayəndələr, halal biznes sahəsinin təmsilçiləri iştirak edir. Forum çərçivəsində 400-ə yaxın B2B görüşlərinin keçirilməsi də planlaşdırılıb.

Forum halal qida, dərmanlar, moda, kosmetika və turizm sahələrində qabaqcıl təcrübə mübadiləsi və innovativ yanaşmaların təqdim olunduğu platformadır.

Xatırladaq ki, ilk dəfə 2024-cü ildə keçirilən və 120 ölkədən 6000 iştirakçının qatıldığı forumda Azərbaycan fəal iştirak edib.