26 fevral 2025 08:20
305

Kuba mediasında Azərbaycanın qarşılaşdığı mina problemi haqqında məqalə yayımlanıb

Kubanın “Bohemia” jurnalında jurnalist Sezar Qomez Çakonun “Azərbaycan və minalardan təmizləmənin qəhrəmanlıq missiyası” sərlövhəli məqaləsi dərc olunub.

“İki sahil” xəbər verir ki, məqalədə 2025-ci ilin fevral ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında aparılan minalardan təmizləmə əməliyyatları zamanı 122 piyada əleyhinə mina, 51 tank əleyhinə mina və 306 partlamamış sursatın zərərsizləşdirildiyini, ümumilikdə isə 935,6 hektar ərazinin partlamamış hərbi sursatlardan təmizləndiyi bildirilib.

Jurnalist məqaləsində 2024-cü ilin fevral ayında Azərbaycana səfəri zamanı işğaldan azad olunmuş əraziləri ziyarət etməsindən, “ruhlar şəhəri” adlandırılan Ağdama baş çəkməsindən və burada Azərbaycanın üzləşdiyi mina problemlərinin canlı şahidi olmasından danışıb. O, Qarabağ ərazisində Ermənistanın heç bir hərbi zərurət olmadan, həmçinin nişanlama işi aparmadan mina yerləşdirməsinin ərazilərin minalardan təmizlənmə prosesinə ciddi əngəllər yaratmasını və bunun dinc əhalini mina təhlükəsi ilə üz-üzə qoyduğunu vurğulayıb.

Məqalədə S.Çakon bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti və xalqının bölgənin yenidən qurma və bərpa işlərini, eləcə də mina təmizləmə prosesini qətiyyətlə davam etdirdiyini qeyd edib.