Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Azərbaycanın Kubadakı səfirliyində anım tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, Havanada akkreditasiya olunan diplomatik korpusun və yerli ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə səfir Ruslan Rzayev çıxış edərək Azərbaycan xalqının 90-cı illərin əvvəllərində müstəqilliyə qədəm qoyduğu ilk vaxtlarda üzləşdiyi faciələr və çətinliklər haqqında danışıb. Səfir 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda dinc və mülki əhaliyə qarşı həyata keçirdiyi soyqırımı barədə məlumat verib.
R.Rzayev Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasətinin yalnız Xocalıda deyil, Azərbaycan xalqının məskunlaşdığı bütün Qarabağ ərazisində aparıldığını, xalqımızın 30 ilə yaxın bir müddətə öz tarixi torpaqlarından zorla didərgin salındığını söyləyib. O, Xocalı soyqırımı, eləcə də Ermənistanın Azərbaycana hərbi hücumu zamanı törətdiyi digər cinayətlər, o cümlədən hərbi cinayətlər və insanlığa qarşı cinayətlər, insan hüquqları və beynəlxalq humanitar hüququn kobud formada pozulması kimi faktları diqqətə çatdırıb.
Diplomat daha sonra 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatlarından danışıb. O, Ermənistanın 30 illik işğalına son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün və ərazi suverenliyinin tam bərpa etdiyini söyləyib. Səfir işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin sürətlə davam etdirildiyini, Xocalı sakinlərinin, eləcə də Ermənistan işğalından azad olunmuş digər rayon sakinlərinin artıq öz evlərinə geri dönməyə başladığını bildirib.
Sonra tədbirdə Azərbaycanda təhsil almış kubalı Elio Qamez və professor Rafael Tenreyro çıxış edərək fikirlərini bölüşüblər. R.Tenreyero Xocalıda mülkü əhaliyə qarşı törədilmiş amansız qətliamın Azərbaycanda təhsil alan kubalıları dərindən sarsıtdığını söyləyib. O, Xocalı və Qarabağ haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşərək Azərbaycanın bu gün tarixi ədaləti bərpa etdiyini, öz torpaqlarını işğaldan azad etdiyini və Qarabağın dirçəldilməsi istiqamətində əməli işlər gördüyünü vurğulayıb.
Tədbirdə, eyni zamanda “Xocalı, uşaqların gözü ilə” sərgisi nümayiş olunub.
Sonda Xocalı soyqırımına həsr olunmuş video göstərilib.