İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrildi. Dövlət başçımız Cənab İlham Əliyevin qeyd etdiyi kimi Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Faciə baş verdikdən sonrakı ilk günlərdə dünyanın nüfuzlu informasiya agentlikləri, xarici qəzetlər və jurnalistlər Xocalı dəhşətləri haqqında tükürpədici faktlar yazırdılar. Məhz ilk dəfə xarici jurnalistlərin yazdıqları faktlar sayəsində tərəqqipərvər bəşəriyyət Xocalı dəhşətləri haqqında obyektiv informasiya almış oldu. The Washington Post, The Times, The Washington Times, The Independent, Los Angeles Times, Komsomolskaya Pravda və digər qəzetlərdə Xocalı qətliyamı ilə bağlı yazılmış yazılar sayəsində hadisənin təfərrüatları dünya ictimaiyyətinə çatdırıldı.
XX əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı qətliyamından xeyli illər ötsədə bu yara qəlbimizdə qaysaq bağlamadı. Xocalılılar və digər işğal olunmuş bölgələrdən olan soydaşlarımız otuz ilə yaxın müddətdə daim doğma torpaq həsrəti ilə yaşadılar. Nəhayət Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyəti və qüdrətli ordumuzun şücaəti sayəsində erməni işğalına son qoyuldu. Müqəddəs Vətən torpağımız yağı düşmənin işğalından azad edildi. Azərbaycanın mərd oğulları Xocalı Şəhidlərinin qanını döyüş meydanında düşməndən aldı.
Artıq Azərbaycan xalqı qalib xalq olaraq qürurlu və məğrurdur. Hər il minlərlə soydaşımız Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirir. Biz Azərbaycan xalqı olaraq Xocalı qətliyamını heç zaman unutmamalıyıq. Xalqımızın əzmi, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin iradəsi sayəsində bu gün Xocalı şəhəri yenidən qurulur, qan yaddaşımız olan şəhər yenidən dirçəldilir. Məcburi köçkünlüyün bütün ağrı-acısını yaşamış Xocalı sakinləri yenidən qurulmuş doğma şəhərlərinə geri dönürlər. Böyük Qayıdış arzumuz reallaşır. Lakin xalqımıza qarşı törədilmiş qanlı Xocalı qətliyamı qan yaddaşımızda əbədi qalacaq.
Ramiz Hüseynov,
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri