27 fevral 2025 08:21
455

İraqlı deputat: Dünya Azərbaycanı qalib ölkə kimi tanıyır

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyində anım mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə İraq Nümayəndələr Şurasının insan haqları komitəsinin sədri Ərşad Salihi, tanınmış ədəbiyyatşünas Sadiq Əl-Cəmal, Bağdad Universitetinin professoru Qada Hadi, “Əs-Sadaka” qəzetinin redaktoru Fəlah Əl-Mərsumi, “Türkməneli” qəzetinin redaktoru Sabah Kərküki, “İraq-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri, professor Mutaz Muhi Əbdülhəmid və digər qonaqlar iştirak ediblər.

Xocalı soyqırımı qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi açan Azərbaycan Respublikasının İraq Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Elnur Məmmədzadə Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər svilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu diqqətə çatdırıb.

Diplomat həmçinin, Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması istiqamətində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb.

Daha sonra, komitə sədri Ə.Salihi Xocalı soyqırımının insanlıq əleyhinə amansız cinayət kimi tanınması üçün xarici ölkələr, xüsusən də islam ölkələri tərəfindən bu qətliama siyasi qiymətin verilməsi, o cümlədən hadisəni törədənlərin beynəlxalq məhkəmələr qarşısında cavab verməsinin vacibliyini vurğulayıb.

Komitə sədri Xocalı faciəsinin kədərlə xatırlandığını bildirsə də, xocalılıarın qanının yerdə qalmadığını, bütün dünyanın Azərbaycanı qalib ölkə kimi tanıdığını bildirib.

Mərasim zamanı həmçinin, “Xocalıya ədalət” kampaniyasının əhəmiyyəti barədə mərasim iştirakçılarına məlumat verilib, anım günü ilə əlaqədar videoçarx nümayiş olunub.