Ötən il Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (NQTA) tərəfindən Naxçıvanda aparılan dövlət nəzarəti tədbirləri nəticəsində, istehlaka yararsız və saxtalaşdırılmış ümumilikdə 231 min 981 ədəd, 1777,5 litr və 41 kiloqram məhsul məhv edilib. Belə ki, saxta, keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli məhsullardan qorunmaq məqsədilə aparılan nəzarət tədbirləri çərçivəsində 341 ədəd 5 (beş) litrlik qablaşmada olan (1705 litr ) saxta zeytun yağı və 206 ədəd (51.5 litr) saxta alkoqollu içkilər aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, həmin məhsullar satışdan kənarlaşdırılıb və məhv edilib.
“İki sahil” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Agentliyin sədri qeyd edib ki, satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə monitorinqlər aparılmış və nəticədə “Enterobacteriaceae” bakteriyası aşkarlanmış 19 min 560 ədəd dondurmanın məhv edilməsi barədə qərar qəbul olunmuş və icra edilib. Həmçinin dondurma emalı müəssisələrində monitorinqlər aparılıb, 4 emal müəssisəsindən 10 halda nümunələr götürülərək keyfiyyət göstəriciləri üzrə analizlər aparılıb, 4 istehsalçıya məxsus 7 məhsulda aşkar edilmiş uyğunsuzluqlar üzrə qanunamüvafiq tədbirlər icra olunub.