İranda Novruz çərşənbələri tədbirlərində 138 nəfər xəsarət alıb, onlardan 20-sinin ətrafı amputasiya olunub.
“İki sahil” “Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Fövqəladə Hallar İdarəsinin nümayəndəsi Babək Yektaprast bildirib.
Onun sözlərinə görə, xəsarət alanların sayı ötən ilin uyğun dövrü ilə müqayisədə 43 faiz çoxdur: “Xəsarət alan 138 nəfərdən 20-sinin ətrafı amputasiya edilib, 22 nəfər gözündən yaralanıb, 74 nəfər isə müxtəlif dərəcədə yanıb”.
İdarə sözçüsü bildirib ki, xəsarət alanların orta yaşı 19-dur.
Mütəxəssislərin fikrincə, İran hakimiyyəti hər ilə Novruz çərşənbələri ilə bağlı təbliğat aparır. Bu məlumat da onların təbliğatının tərkib hissəsi ola bilər. Xəsarət alanların sayının çoxluğu isə tədbirin miqyasının genişliyinin göstəricisidir.
Ekspertlər bildiriblər ki, bu tədbirlər əsasən Güney Azərbaycan bölgələrində keçirilir. Onlar bu mərasimlə milli varlıqlarını qoruyurlar.
Məlumata görə, bu günlərdə İran İnqilabı Keşikçiləri Qvardiyası (Sepah) komandiri Sadiq Hüseyni İlam əyalətində heç bir qurumun Novruz bayramı ilə bağlı şənlik keçirilməsi üçün icazə vermək səlahiyyətinə malik olmadığını bildirib.
Komandir qədim Novruz bayramını "mədəni dəyərlərə zidd" hesab edib və sosial şəbəkədə Novruz bayramı ilə əlaqədar çağırış edənlərin müəyyənləşərək barələrində tədbirlər görüləcəyini vurğulayıb.
Xatırladaq ki, indiyədək Novruzun iki çərşənbəsi qeyd edilib. Martın 11-də üçüncü, 18-də isə İlaxır çərşənbədir.