Mətbuata bəyanatında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verib, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə ölkəmiz lazım olan həcmdə qaz təchizatını artıra bilər. Çünki Azərbaycan bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyini vurğuladı. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, ölkəmizin istehsalı bundan daha çoxdur. Çünki yerli tələbat da ödənilir. Bütün bunlarla yanaşı əhatə dairəsinin, qaz təchizatı coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir.
“Avropa Azərbaycan qazına ehtiyac duyur.”, - deyə qeyd edən Prezident İlham Əliyev üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin bunun əyani təzahürü olduğunu xatırlatdı. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Ölkəmiz Avropadakı tərəfdaşlarının xahişlərinə hər zaman böyük diqqətlə yanaşır.
Prezident İlham Əliyev mətbuata bəyanatında energetika sahəsində Azərbaycan və Şimali Makedoniya ikitərəfli formatında əməkdaşlığın ölkəmiz üçün çox önəmli olduğunu və bu praktiki əməkdaşlığın digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracağını xüsusilə qeyd etdi.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri