14 mart 2025 17:32
125

XII Qlobal Bakı Forumu bəşəriyyəti  qlobal çağırışlara daha diqqətli yanaşmağa səsləyir

XII Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verən nüfuzlu beynəlxalq tədbirdir. Tədbirin əsas mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”dir. Forum dünya liderlərini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakirə olunduğu vacib platforma rolunu oynayır.

XII Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev Cənubi Qafqazda sülhə nail olmağın vacibliyini və Azərbaycanın sülh prosesinin təşəbbüskarı olduğunu diqqətə çatdırdı. Ölkə başçısı vurğuladı ki, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Azərbaycanın mübarizəsinin ədalət, beynəlxalq hüquq və ləyaqət mübarizəsi  olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının  27 il kağız üzərində qalan qətnamələrini icra etdiyini xatırlatdı. Əgər Azərbayan öz torpağını güclə azad etməsəydi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri növbəti  27 il də kağız üzərində qalardı. Bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün gücdən istifadə qaçılmaz olurdı. Ölkəmizin başçısı güclü ordu yaratdı və bu ordu torpaqlarımızı azad etdi, ölkəmizdə separatçılığa, separatçılara son qoydu.

Prezident İlham Əliyev bu gün Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışan bəzi Avropa bürokratlarına da çox ciddi faktları xatırladaraq bildirdi ki,  İkinci Qarabağ müharibəsində ermənilər Azərbaycanın şəhər və kəndlərini atəşə tuturdu. İxracı qadağan olunmuş “İsgəndər M” raketinə görə  yüzdən artıq Azərbaycan vətəndaşı həyatını itirdi. Lakin Ermənistan ordusu ixracı qadağan olunmuş “İsgəndər M” raketini necə əldə etməsi haqqında hələ də açıqlama vermir. Ermənistan baş nazirinin əmri ilə Gəncə, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi və bir çox digər şəhərlər dövri olaraq atəşə tutulurdu.

Ölkəmizin başçısı Forumda bəyan etdi ki, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir. Odur ki, Azərbaycana sənədlər, yazılı kağızlar lazımdır. Ölkə başçısı həmçinin bildirdi ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları hələ də qalır. Bu hal əsla qəbul edilməzdir. Eyni zamanda, ATƏT-in Minsk qrupu da buraxılmalıdır. Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. Bu qrup Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi isə Qarabağ məsələsi həll olunub və Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Buna baxmayaraq Ermənistan ATƏT-in Minsk qrupunun buraxılması üçün Azərbaycanın müraciətinə qoşulmur. Bu isə Ermənistanın məkrli planlarının olduğunu təsdiqləyir. Həmçinin Ermənistanın silahlanması da bunu sübut edir. Ermənistan İkinci Qarabağ müharibəsində dərs çıxarmalı, Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunda verdiyi ciddi mesajları nəzərə almalı və səhv siyasətindən əl çəkməlidir.

Bir sözlə, Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. Yəni, bu gün Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və suverenliyimizin bərpası ölkəmizə olan marağı daha da artırıb. Strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri