Qlobal siyasət beynəlxalq münasibətlərin təşkili prosesinin elmi-nəzəri sistemi və praktiki tətbiq sahəsi olaraq həm də belə bir unikal vəzifəni həyata keçirir: o dünyanın tarixi-siyasi inkişafının müasir siyasi inkişafda necə yekunlaşması və hansı yeni mərhələlərin başlaması məqamlarını dəqiq müəyyənləşdirməyə çalışmaqla, bu proseslərin xarakterinə adekvat yeni fəaliyyət strategiyalarını formalaşdırır. O, yeni fazaya keçidin əlamətlərini daşıyan tarixi dönüş məqamını vaxtında tuta, ondan geri qala və ya irəli gedə bilər. Şübhəsiz, burada ideal variant – həmin tarixi dönüş məqamını zamanında hədəfləməkdir. Yetişməmiş proseslərin ardınca getmək də siyasi rasionalizmin xarakterinə uyğun deyil. Lakin, siyasi hadisə və proseslərin dialektikasına uyğun olaraq onların proqnozlaşdırılması, təbii ki, siyasətin uzaqgörənliyidir və ona konkret situasiyada əlavə arqument və divident qazandırır.
Burada daha iki mühüm şərti nəzərə almaq lazımdır:
1. Formalaşmaqda olan yeni siyasi situasiya dünya inkişafında neqativ meyllərin kompleksini meydana gətirə bilər. Tarixin tez-tez qarşılaşdığı belə situasiyalarda beynəlxalq siyasətin həmin proseslərin stixiyasına qoşularaq hərəkət etməsi ilk baxışdan realist akt kimi görünsə də, əslində, bu son anda rasional siyasi qərarvermə və həlletmə metodlarının effektsizliyinə və yalnız manipulyasiyalar səviyyəsinə endirilməsinə gətirib çıxarır. Adətən, regional və qlobal siyasi ziddiyyətlərin kəskinləşərək müharibə fazasına keçməsi məqamlarında siyasət də öz məntiqində “zor (güc) fazasına” adlamağa məcbur olur. Lakin qlobal idarəetmə mexanizmlərinin düzgün işləməsi dünyanın siyasi inkişafını o qanunauyğunluğun prinsipləri üzərində istiqamətləndirir ki, beynəlxalq münasibətlərin dinamikası buradakı konfliktlərin müharibə fazasına keçməsinə, mövcud problemlərin qlobal böhranlar xronikasına gətirib çıxarmasın.
2. Qlobal siyasət – suveren dünya dövlətlərinin milli siyasətinin dövlətlərarası beynəlxalq təşkilatların yürütdüyü siyasətdə təmərküzləşməsi, beynəlxalq münasibətlərin bu prosesə uyğun olaraq modifikasiyalaşması və beynəlxalq hüququn həmin münasibətlər sistemini qaydalandırması şəraitində təşəkkül tapır.
Azərbaycanın Qarabağı erməni işğalından azad etdikdən sonra Qərbin siyasi təzyiqləri ilə üzləşməsi müasir dünyada ikili standartlar siyasətinin geniş tətbiq olunduğunu açıq şəkildə ortaya çıxarır.
Avropa Şurasının (AŞ) Azərbaycana qarşı tətbiq etdiyi ikili standartlar təsadüfi xarakter daşımır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropa strukturları dünyanın müxtəlif bölgələrində, o cümlədən Cənubi Qafqazda münaqişəli vəziyyətin davam etməsində və bununla da regiona müdaxilə edib qlobal siyasətdə dominant rolunda qalmaqda maraqlıdırlar. Bu tezisi sübuta yetirmək üçün 1994-cü ildə Qarabağ münaqişəsinin həll olunması üçün yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətini, daha doğrusu, fəaliyyətsizliyini göstərmək olar. BMT-nin Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi sənədlərlə təsdiqləməsinə baxmayaraq, qurum ötən 30 ildə münaqişənin həlli üçün heç bir müsbət addım atmadı.
Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sərdi Sergey Çekov mətbuata açıqlamasında bildirib ki, Avropa Şurası üçün ikili standartlar siyasəti normadır. Bu qurum yeni üzvlər cəlb edərək genişlənsə də, heç bir dövlətin milli maraqlarını nəzərə almır və yalnız özünün korporativ maraqlarından çıxış edir.
Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Avropa Şurasının bu cür qeyri-adekvat mövqeyi hansı siyasi məntiqə sığır? Dünyada sülhün, sabitliyin, demokratiyanın və bu kimi digər dəyərlərin carçısı olan Avropa Şurası Cənubi Qafqazda davamlı sabitliyin bərpasından niyə narahatdır? Ermənistanı silahlandırmaq görəsən hansı məqsədlərə xidmət edir? Paradoksal hal ondan ibarətdir ki, rəsmi İrəvan işğal faktını qəbul edərək Azərbaycanla müəyyən məsələlərdə razılığa getmək niyyətindədir. Lakin Avropa Şurası Azərbaycanı ittiham etməkdə davam edir.
Fransa və Avropanın digər siyasi strukturları hər zaman müsəlman ölkələrinə qarşı qeyri-konstruktiv mövqedə dayanıb. Məsələn, Türkiyənin Avropa İttifaqına (Aİ) üzv kimi qəbul edilməməsini göstərmək olar. Siyasi və iqtisadi inkişafına görə Türkiyədən dəfələrlə zəif olan ölkələr Aİ-yə tamhüquqlu üzv kimi qəbul edilib. Hətta 1960-cı ildə yaradılan və dünyanın bir çox ölkələri tərəfindən müstəqil dövlət kimi tanınmayan Kipr də 2004-cü ildə Aİ-yə üzv qəbul olundu. Lakin Türkiyənin iqtisadi, siyasi və demokratiya sahələrində böyük uğurlar qazanmasına baxmayaraq, 50 il aparılan danışıqlar nəticəsiz qaldı və rəsmi Ankaranın İttifaqa üzv qəbul edilmədi.
Bu gün Avropa mətbuatı insan hüquqları, demokratiya mövzularına tez-tez toxunur və dünyanın üçüncü ölkələrinə necə yaşamağı öyrətməyə çalışır. Lakin Avropanın hər hansı bir dövlətinin törətdiyi qanlı hadisələr barədə heç nə yazılmır. Qərbin demokratiya gətirdiyi Suriya, İraq, Liviya, Əfqanıstan və başqa dövlətlərin vəziyyəti göz qabağındadır. Demokratiya adı altında hərbi müdaxiləyə məruz qalan bu dövlətlərin iqtisadiyyatı və siyasi quruluşu dağıdıldı, əhalisi qaçqın düşdü, sərvətləri isə talan edilir. Bu günkü reallıq ondan ibarətdir ki, bəzi ölkələrin apardığı ikili siyasət və ədalətsiz yanaşmalar dünya nizamının artıq mövcud olmadığının sübutudur.
Mirhaşim Calalov,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü