Astaranın Ərçivan kəndində təbiətin bəxş etdiyi gözəlliklər çoxdur. Bu əsrarəngiz məkanda ilk baxışdan vurulduğun və insanı ovsunlayan sehrlər vardır. Eləcə də kəndin cənubunda, Bakı-Astara magistral yolundan azca aralı bir bulaq çağlayır. Bulağın sehri ondadır ki, suyu məşəl kimi daim alışır yanır. Bəzən axan kükürdlü suyun hündürlüyü 5-6 metrə çatır. Amma alovu yandırmır, su yanan zaman ondan içiləndə insan orqanizmə heç bir ziyanı dəymir. Həmçinin Astaranın turizm marşrutuna daxil edilən “Yanar bulaq” indi dünyanın bir çox yerində yaxşı tanınır.
Əvvəla onu bildirim ki, bulağın suyunda olan unikal xüsusiyyətlər iyirminci əsrin 70-ci illərdə aşkarlanıb. Belə ki, o zaman yeraltı bulaqların mənşəyi və səviyyəsi ilə maraqlanan geoloqlar qrupu Azərbaycana gəlirlər. Onlar Astaranın Ərçivan ərazisinə daxil olan yerlərdə bir-neçə bulaq müəyyən edirlər. Birinin yanında çox dərin bir quyu qazırlar. Buradan çıxan suyun qızmar günəş şüalarının altında alov saçdığını görürlər. Və yerli əhali təbiətin bu möcüzəsinə “Yanar bulaq” adını verir.
Alimlərin araşdırması göstərir ki, burada qeyri adi bir səbəb yoxdur. Onların dediyinə görə, bulaqda kükürdlü su ilə bərabər metan qazı da çıxır. Nəticədə alov suya yaxınlaşanda ondan ayrılan qaz məşəl kimi alovlanır.
“Yanar bulaq” suyu həm də, bəzi xəstəliklərə qarşı böyük müalicəvi əhəmiyyətə malikdir. Laboratoriya müayinələri zamanı məlum olub ki, tərkibində olan minerallar mədə-bağırsaq üçün olduqca xeyirlidir. İndi müxtəlif yerlərdən mədə-bağırsağında problemi olan xəstələr buraya gəlir, yanar sudan istifadə etməklə şəfa tapa bilirlər. Həkimlər məhz xəstələrinə bu üsulun səmərəli olmasını deyirlər. İkinci tərəfdən kükürdlü su üzdə olan səpkiləri də aradan qaldıra bilir.
Ərçivanlılar, bulağa yaxın olanlar çay dəmləmək üçün suyu bir qayda olaraq burdan götürürlər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü