18 mart 2025 12:27
187

Torpaq: Həyat mənbəyi

Torpaq qida zəncirinin ən aşağı hissəsində olsa da, Yer kürəsində həyat üçün əsas mənbədir. O, suyu süzən, bitkiləri qidalandıran və milyardlarla canlı üçün yaşayış yeri yaradan ekosistem rolunu oynayır. Sağlam torpaq kənd təsərrüfatı üçün vacibdir, antibiotiklər kimi insan sağlamlığına faydalı maddələr təmin edir və karbon qazını özündə saxlayaraq iqlim dəyişikliyinin təsirlərini azaldır.  

Lakin iqlim dəyişikliyi torpağın sağlamlığına ciddi təsir edir. Artan quraqlıq, sel və torpaq eroziyası məhsuldarlığı azaldır. Son 150 ildə dünyanın üst torpaq qatının təxminən yarısı itirilib. Həddindən artıq becərmə, gübrə və pestisidlərdən qeyri-düzgün istifadə torpaq mikroorqanizmlərini məhv edərək məhsuldarlığı aşağı salır.  

Torpaq iqlim dəyişikliyi ilə mübarizədə də önəmli rol oynayır. Belə ki, il ərzində atmosferə buraxılan karbon qazının təxminən dörddə birini udur. Lakin Arktikada buzlaqların əriməsi nəticəsində torpağa yığılan karbonun atmosferə buraxılması qlobal istiləşməni daha da sürətləndirə bilər.  

Avropa İttifaqı (Aİ) torpağın qorunması üçün addımlar atır. 2021-ci ildə qəbul edilən “2030 Torpaq Strategiyası” çərçivəsində 2050-ci ilə qədər Aİ-də sağlam torpaqlara nail olmaq məqsədi qoyulub. 2023-cü ildə “Torpaq Monitorinq və Dayanıqlılıq Direktivini” qəbul edən Aİ, torpaq sağlamlığının izlənməsi və dayanıqlı idarə edilməsi üçün yeni qaydalar təklif edir. Lakin bu sahədə daha sərt və məcburi hüquqi mexanizmlərin tətbiqi vacib hesab olunur. ("ClientEarth")

Fidan Fərmanlı,
BSU-nun tələbəsi