17 mart 2025 19:00
97

Anar Əliyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

 Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq Proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki,  müsabiqə qaliblərini təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulayan nazir qaliblərin peşəkar potensialının inkişafına dəstək göstərilməsi, təcrübə imkanlarını artırmaları üçün Nazirlik tərəfindən zəruri şərait yaradılacağını qeyd edib.

A.Əliyev ölkənin sosial-iqtisadi həyatına yeni nəsil peşəkarların qazandırılmasında Mentorluq Proqramının önəmini, qaliblərin bilik və təcrübələrindən gələcəkdə daha səmərəli istifadə üçün də dəstək olacağını bildirib. 

Son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan ardıcıl islahatlar, sosial müdafiə və aktiv məşğulluq proqramları, DOST konsepsiyası barədə müsabiqə qaliblərinə məlumat verilib. Sosial sahədə innovativ yanaşmaların, rəqəmsal həllərin geniş tətbiqi işləri, sosial hədəflər diqqətə çatdırılıb.

Qaliblər Mentorluq Proqramı çərçivəsində karyera hədəflərini daha dəqiq müəyyənləşdirmək imkanı qazandıqlarını və gələcək fəaliyyətlərində sosial layihələrə daha çox töhfə verməyə çalışacaqlarını bildiriblər.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.