Minlərlə qeyrətli Vətən övladı birləşərək 30 il erməni əsarətində qalan Qarabağımızı öz qanları bahasına azad etdilər. Azərbaycanın yeni, şanlı tarixini yazan, bu ölməzliyə qovuşan Vətən sevdalıları xalqın qəlbində yaşamaqla, daim böyük məhəbbətlə, ehtiramla yad olunurlar. Məhz Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kollecinin birgə əməkdaşlığı sayəsində baş tutan “Şəhidlər Vətənin zəfər rəmzidir “ başlıqlı layihənin növbəti tədbiri də doğma Azərbaycanın hər qarışını canından əziz tutan mərd igidlərə həsr olunmuşdu.
Muzeydə Birinci Qarabağ və Vətən müharibəsi zamanı şəhid olanların yad edilməsi məqsədilə təşkil olunan tədbirə təşkilatçı müəssisələrin əməkdaşları, şəhid yaxınları, veteranlar, qazi və tələbələr qatılmışdı . Əvvəlcə Vətənin azadlığı, bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı .
Layihənin məqsədini açıqlayan muzeyin direktoru Əntiqə Tağıyeva fevral ayında anım günləri olan, Qarabağ ərazisində döyüşlərdə hünər göstərib şəhidlik zirvəsinə ucalan, əbədi günəş ömrü yaşayan Masallı gəncləri haqqında geniş məlumat verdi.
Digər çıxışçılar- Qarabağ Müharibəsi Əlillər, Veteranlar və Şəhid Ailələri İctimai birliyin Masallı rayon filialının sədri Nahid Rəhimov , Birinci Qarabağ veteranı Nicat Qurbanov və şəhid qardaşı Sahil Səfərov tədbirin əhəmiyyətindən söz açdılar, onu da bildiriblər ki, xalqımızın şəhidlərə olan ehtiramı böyükdür. Hər şəhidin qəlblərdə əbədiyyətə çevrilən adını gələcək nəsillərə bir miras olaraq saxlamaq olduqca müqəddəs bir işdir. Azərbaycanın bütövlüyü və torpaqlarının düşmən tapdağından azad edilməsi zamanı döyüşdə şəhidlik zirvəsinə ucalanların yolu gənclər üçün yaxşı örnəkdir.
Masallı Dövlət Regional Kollecin direktor müavini Dilarə Hüseynova isə tədbirin yekun çıxışında dedi:- Uzun illərdən sonra Vətən torpaqları uğrunda şəhid olanların qisası 44 günlük haqq savaşında reallığa çevrildi. Şəhidlərin qanı bahasına qazanılmış möhtəşəm qələbədə Ermənistanın işğalı altında olan əzəli yurd yerimiz Qarabağın azad olunması ilə ölkəmizin ərazi bütövlüyü bərpa edildi, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifəsi yazıldı.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü