“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) emissiyaların azaldılması istiqamətində innovativ texnologiyaların tətbiqini genişləndirir.
ASCO-dan "İki sahil"ə bildirilib ki, şirkət Ekoloji, Sosial, İdarəetmə (ESG) strategiyasına uyğun olaraq bu istiqamətdə daha bir mühüm addım ataraq, İsveç Krallığının QTAGG şirkəti ilə əməkdaşlıq çərçivəsində “EcoPilot” sisteminin tətbiqinə başlayıb.
Pilot layihə olaraq sözügedən sistem “RoPax” tipli “Azərbaycan” gəmi-bərəsində quraşdırılıb.
Gəmi-bərənin bu sistemlə həyata keçirdiyi ilk dəniz sınağı artıq uğurla başa çatıb. “EcoPilot”un tətbiqindən ümumi gözlənti isə ondan ibarətdir ki, gəmi hər səfərində yanacağa qənaət etməklə, emissiyaları təxminən 6 faiz miqdarında azaltsın.
Qeyd edək ki, “EcoPilot” texnologiyası küləyin istiqaməti və gücü, gəminin quruluşu, hava proqnozu və dəniz axınları kimi faktorlara uyğun olaraq, elektron sistem vasitəsilə gəminin optimal marşrutunu dəstəkləyir və onun sürətinin avtomatik tənzimlənməsinə imkan yaradır. Bu da yanacaq sərfiyyatını azaltmaqla, emissiyaların minimuma endirilməsinə töhfə verir.