Bu gün bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakıda birgünlük planlaşdırılmış səfərdə olub.
“İki sahil” xəbər verir ki, bp-dən bildirilib ki, Qordon Birrelin Bakıya mütəmadi etdiyi səfərlərdən biri olan bu işgüzar səfərdə məqsəd şirkətin regiondakı biznesinin gedişi ilə tanış olmaq, həmçinin biznes prioritetlərini və perspektivlərini müzakirə etmək idi.
Gün ərzində Q.Birrel bp-nin regional rəhbərliyi ilə bir sıra görüşlər keçirib və şirkətin regionda əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyətlə və 2025-ci il üçün planlaşdırılmış işlərlə tanış olub.
Səfər çərçivəsində, həmçinin Qordon Birrellə iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəf arasında işgüzar görüş olub. Bu görüşdə bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti, həmçinin şirkətin dünya üzrə və regiondakı biznesinin prioritetləri və gedişi müzakirə olunub.