19 mart 2025 13:00
117

Şəhid övladlarından insanlara çağırış - “Qoru! Məhv etmə… Təbiətlə dost ol!"

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) dəstəyi və "Yonca" Estetik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qoru! Məhv etmə… Təbiətlə dost ol! – Bahar əfsanəsi” adlı tamaşa nümayiş olunub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutan tamaşanı 350-yə yaxın uşaq izləyib. Tamaşa müasir dövrdə uşaqların texnologiyaya həddindən artıq bağlılığını və təbiətə biganəliyini əks etdirən ekoloji mövzuya həsr olunub.

Tamaşadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin uşaqlarla bağlı dediyi fikirlər əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

"Yonca" Estetik İnkişaf Mərkəzinin təsisçisi Lalə Zahir tamaşanın mahiyyətindən bəhs edib.

ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək mərasim iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib, ölkəmizdə uşaqların sağlam, xoşbəxt və təhsilli böyüməsinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. M.Cəfərzadə vurğulayıb ki, “Qoru! Məhv etmə… Təbiətlə dost ol! – Bahar əfsanəsi” adlı tamaşa "Zəfər sədası" xor qrupundan ibarət şəhid övladlarının aktyor kimi çıxış etdiyi və ATİAHİ-nin dəstəklədiyi ikinci tamaşasıdır.

Qeyd edək ki, tamaşada hadisələr Ehtiram və bacısının ətrafında cərəyan edir. Onlar təbiəti qorumağın əhəmiyyətini dərk etmədən gündəlik həyatlarına davam edirlər. Ehtiram vaxtını daha çox planşet oyunlarına sərf etsə də, bacısı sosial şəbəkələrdə toxum cücərtməyin hekayəsini paylaşmağa üstünlük verir. Anaları onların bu yanlış vərdişlərdən çəkindirmək üçün onlara təbiətin hikmətini anlatmağa çalışır.

Tamaşa "Zəfər sədası" xor qrupunun şanlı ordumuzun qəhrəmanlığından və milli mənəvi dəyərlərimizdən bəhs olunan çıxışı ilə başa çatıb.

Sonda tədbirin bütün iştirakçılarına və azyaşlı qonaqlara ATİAHİ Respublika Komitəsi tərəfindən bayram hədiyyələri təqdim edilib.