20 mart 2025 01:55
129

USAID-in və onun ermənipərəst media strukturlarının Azərbaycandakı fəaliyyətinin dayandırılması…

Bu, birbaşa milli maraqlarımıza və təhlükəsizliyimizə xidmət edir

30 ildən çoxdur ki, Azərbaycan dövlətinə və xalqına qarşı ikili standartlarla yanaşan bəzi  xarici media orqanları və təşkilatları həm də ermənipərəst mövqeləri ilə fərqləniblər. Xüsusilə ölkəmizə qarşı yürütdükləri çirkin informasya təbliğatında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), «Azadlıq Radiosu» və «Amerikanın səsi» öndə gəlirdilər.  «Azadlıq» radiosunun «demokratik dəyərlər» bəhanəsi ilə üstüörtülü formada destruktiv fəaliyyətlə məşğul olduğu dəfələrlə bəyan edilib. Hətta ötən əsrin 70-80-ci illərində,  yəni, sosialist ölkələri ilə  «soyuq müharibə» dövründə ABŞ-nın ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan «Azadlıq Radiosu» və «Amerikanın səsi» uzun illər təyinatları üzrə deyil, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilib.

Lakin görünən  odur ki, artıq bu şantajçı və təxribatçı media orqanları, həmçimin USAID yolun sonuna gəliblər. Qeyd edək ki, Prezident Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzalayıb. Xatırladaq ki, Agentlik «Azadlıq Radiosu» media korporasiyasına və «Amerikanın səsi» radiostansiyasına da nəzarət edir.

«Azadlıq» radiosu hələ ötən əsrin 60-70 -ci illərində «Azadlıq radiosu» Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) büdcəsi hesabına maliyyələşib Çünki Konqresə özəl təşkilatları maliyyələşdirmək qanunla qadağan edilib. Daha sonra radiostansiyanın MKİ ilə əlaqəsi üzə çıxıb və qadağa götürülüb. Beləliklə, maliyyə birbaşa ABŞ Konqresi tərəfindən ayrılıb. Lakin Donald Trampın ikinci hakimiyyəti dövründə onun  administrasiyası Beynəlxalq İnkişaf Agentliyi - USAID-in ardınca «Azad Avropa» «Azadlıq Radiosu» Media Korporasiyasının hökumətdən maliyyələşdirilməsinə son qoyub. Təbii ki, bu önəmli qərarların qəbulu ABŞ hökumətinin daxili işi olmaqla yanaşı, beynəlxalq aləmdə ciddi müzakirələrə səbəb olub.  Bəziləri bunu təqdir edir, digərləri isə adları çəkilən strukturların fəaliyyətinin davam etdirilməsinin zəruriliyini qeyd edirlər. Sonuncular arasında, gözlənildiyi kimi, daha çox erməni lobbisi, dünya ölkələrində qarışıqlıq, sabitliyin pozulmasında maraqlı qüvvələr canfəşanlıq göstərirlər. Onlar Tramp administrasiyasına qarşı total hücuma start veriblər.

Fəaliyyətində ikili standartlara önəm verən sözügedən media strukturları postsovet məkanında, daha çox Azərbaycanla bağlı qərəzli materialların dərci ilə tanınıblar. Bununla bağlı faktlar kifayət qədərdir. Onların fəaliyyət göstərdiyi bölgələrə nəzər yetirdikdə destruktiv yanaşmaların və dövlətlərin daxili işlərinə müdaxilə mexanizmlərinin üstünlük təşkil etdiyini aydın şəkildə görmək mümkündür. Azərbaycana qarşı əks təbliğat aparan bu strukturların sonuncu fəaliyyətini ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 ərəfəsində müşahidə etdik. Onlar bu beynəlxalq tədbirin möhtəşəm təşkilinə hər vasitə ilə qara yaxmağa çalışırdılar.

Sözügedən qurumlar son zamanlar Bakıda mühakimə olunan erməni separatçılarının rəhbərlərini də böyük canfəşanlıqla müdafiə edirlər. Halbuki onlar çox yaxşı bilirlər ki, mühakimə olunanlar Azərbaycan xalqına qarşı bəşəri cinayətlərin, soyqırımların təşkilatçıları və iştirakçıları olublar. Xüsusilə onların istintaqı davam edən erməni milyarder Ruben Vardanyanla da çox yaxın əlaqələri olub. Vardanyanın himayəsində olan fondlardan da böyük vəsaitlər alaraq ölkəmizə qarşı işlər görüblər. Belə ki, rüşvət və hədiyyələr alaraq müxtəlif ölkələrə qarşı hər cür yaramaz kampaniyalar həyata keçiriblər. Guya ayrı-ayrı ölkələrdə demokratiya, söz azadlığı yoxdur və bunlar da həmin ölkələrin müdafiəçiləri kimi müxtəlif platformalarda çıxış edirlər.

Təbii ki, Azərbaycan dövləti «Azadlıq Radiosu» və «Amerikanın səsi «kimi ermənipərəst media strukturlarına əhəmiyyət vermədən  beynəlxalq hüquqa söykənən ədalət məhkəməsini davam etdirir. Lakin bununla belə rəsmi Bakı dəfələrlə bu strukturların qərəzli və ikili yanaşmasını sərt tənqid edib. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən belə strukturların fəaliyyətindən danışıb: «Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz? Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-də o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar».

 «Azadlıq Radiosu»nun anti-Azərbaycan fəaliyyətini təsdiq edən faktlardan biri də radionun  Azərbaycan redaksiyasında bir sıra qadağaların olması idi. Belə ki,  buradakı şərhlərdə  «erməni işğalçıları» sözünü qətiyyən işlətmək  olmaz. Eyni zamanda, onlar Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı müharibə zamanı bir dəfə də olsun 1 milyondan çox qaçqın və məcburi köçkünün sığındığı çadır şəhərciklərinə baş çəkib oradan reportajlar hazırlamadılar. Doğma yurdlarından silah gücünə didərgin salınan məcburi köçkünlərin  sosial vəziyyətlərinin ağırlıqlarını dünya ictimaiyyətinə çatdırmadılar. Əksinə erməni separtizmini təbliğ və təşviq etdilər.

Bütün bunlara rəğmən demək olar ki, bu strukturlar Azərbaycanın dövlət idarəçiliyinə qarşı qərəzli məlumatların paylaşılmasını birbaşa təşviq edən mərkəz rolunu oynayıblar. Yenə də Prezident İlham Əliyevin də söylədiyi kimi, USAID-in maliyyə vəsaiti hesabına anti-Azərbaycan kampaniyası aparan «Azadlıq radiosu» və «Amerikanın səsi» kimi media qurumları heç vaxt vicdanlı və  obyektiv fəaliyyətlə məşğul olmayıblar.

«Azadlıq radiosu» və «Amerikanın səsi» İkinci Qarabağ müharibəsi nəticəsində qazanılan tarixi Zəfərimizə də qərəzli münasibət bəsləyiblər. Belə ki, ərazi bütövlüyümüzün bərpası və yaradılan yeni reallıqlarla barışmaq istəməyən mərkəzlərin ortaq şəbəkəsinə çevrilmiş bu media subyektləri cəmiyyətdə qeyri-sabitlik yaratmaq üçün  böhtanları eninə- boyuna tirajladılar. Hədəf bəlli idi-Azərbaycanın uğurlarına kölgə salmaq, öz feyk və qərəzli informasiyaları ilə ölkəmizi  beynəlxalq aləmdə aşağılamaq… Lakin nə qədər çalışlsalar da bacarmadılar. Çünki Azərbaycan dövləti və onun Ali Baş Komandanı  qətiyyəti və müdrikliyi ilə  ölkəmiz ətrafında qurulan qərəz və böhtan çərçivəsini vurub dağıtdı.

Bir sözlə, Donald Tramp administrasiyası bu qurumlara layiq olduqları yeri göstərib. Uzun onilliklər ayrı-ayrı dövlətlərə, xalqlara, o cümlədən Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar aparan bu qurumların fəaliyyətinə son qoyulması demokratik inkişaf və obyektiv jurnalistika istiqamətində yeni bir səhifədir.

Sonda xüsusi vurğulamaq lazımdır ki, USAID-in və onun nəzarətindəki qərəzli media struturlarının Azərbaycandakı fəaliyyətinin dayandırılması ilə bağlı qərar birbaşa ölkəmizin milli maraqlarına və təhlükəsizliyinə xidmət edir.

Elçin Zaman, «İki sahil»