Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
“İki sahil” xəbər verir ki, təbrik məktubunda deyilir.
“Dəyərli qardaşım!
Baharın oyanışı və yenilənməsi bayramı - Novruz bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Qardaş xalqlarımız əsrlər boyu bu bənzərsiz bayramı qarşılıqlı mərhəmət və qayğı, xeyirxahlıq, birlik və dostluq kimi ali dəyərləri tərənnüm edən, insanı daim təbiətlə ahəngdar şəkildə yaşamağa səsləyən mübarək bayram kimi geniş qeyd edir və dəyərləndirirlər.
Son illərdə birgə səylərimiz nəticəsində ikitərəfli münasibətlərimizin bütün prioritet sahələrdə ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir.
Əminəm ki, bundan sonra da fəal dialoqlarımız, ortaq səylərimiz və birgə məqsədyönlü fəaliyyətimiz sayəsində dostluğumuz və hərtərəfli əməkdaşlığımız dinamik inkişaf edəcəkdir.
Bu əzəmətli və nurlu anlarda Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı inkişaf və rifah arzulayıram”.
***
Gürcüstanın Baş naziri İrakli Kobaxidze də Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:
“Zati-aliləri,
İcazə verin, Gürcüstan hökuməti və gürcü xalqı adından Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edim. Bu bayram yeni həyat, birlik, rifah rəmzidir və bizim ölkələr arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq kontekstində əhəmiyyət kəsb edir. Sizə və Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayır və ən xoş arzularımı çatdırıram.
Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan əlaqələrin səviyyəsini yüksək qiymətləndirirəm. Bu əlaqələr xalqlarımız arasında mövcud olan ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Ümumi regional maraqlarla şərtlənən, ölkələrimiz arasındakı müxtəlif sahələrdə səmərəli və çoxtərəfli əməkdaşlığımız nümunəvidir və xalqlarımızın rifahı və inkişafı üçün möhkəm zəmin yaradır.
Əminəm ki, mövcud əməkdaşlığımız birgə səylərimizlə daha da möhkəmlənəcək. Qlobal çağırışlar fonunda regionda sülh və sabitliyin qorunub saxlanılması üçün bizim əməkdaşlığımızın olduqca böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulamaq istərdim.
Zati-aliləri.
Fürsətdən istifadə edərək, bir daha Sizə ən yüksək ehtiramımı ifadə edirəm”.