Bu gecə Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir.
“İki sahil” xəbər verir ki, Qurani-Kərim 23 il müddətində Məhəmməd peyğəmbərə hissə-hissə Qədr gecəsində isə tam şəkildə nazil olub. Müqəddəs kitabda konkret bir tarix olmadığı üçün möminlər onu Ramazan ayının son on gününün tək gecələrindən birində (Ramazan ayının 21, 23, 25, 27 və ya 29) qeyd edirlər.
Bu gecədə dua etmək, edilən günahlar üçün Uca Yaradandan bağışlanma diləmək və Quran oxumaq adətdir.
Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Gülağa İsmayılov “İki sahil” müsahibəsində bildirib ki, Allah dərgahında ayların şahı Ramazan, günlərin şahı cümə günü, gecələrin şahı isə Qədr gecəsidir. Qiyamətə qədər bütün insanlara, dünyaya və axirətdə rəhbər olan bir kitabın yer üzünə eniş gecəsidir. Müqəddəs kitabımız Qurani-Kərimin Ramazan ayında və həmin ayın son on gününün gecələrinin birində nazil olmasını Uca Rəbbimiz özü aydın şəkildə bəyan etmişdir.
“…İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir”, – (“Bəqərə” surəsi, 2/185)
Qurani-Kərimdə Qədr gecəsi ilə bağlı müstəqil surə vardır. Bu surə Məkkədə nazil olub, beş ayədən ibarətdir. Adı ilk ayədə keçən Qədr, yəni “Qədr gecəsi” sözündən götürmüşdür.
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi, ayə 1)
Qeyd edək ki, martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.
Orxan Vahidoğlu, "İki sahil"