Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni tariflərə cavab verməyə hazırlaşır. O, Britaniya sənayesini müdafiə etmək üçün dövlətin sənaye siyasətindən istifadə etməyə hazır olduğunu bildirib.
“İki sahil” “BBC”yə istinadla xəbər verir ki, K. Starmer ABŞ-la iqtisadi razılaşma əldə olunması istiqamətində səylərini davam etdirəcəyini deyib. Bununla belə Baş nazir tariflərin təsirini azaltmaq üçün dövlətin birbaşa müdaxiləsini də istisna etməyib: “Britaniya bizneslərini bu fırtınadan qorumaq üçün sənaye siyasətindən istifadə etməyə tam hazırıq. Bəzi insanlar buna narahatlıqla yanaşa bilər. Dövlətin bazarı formalaşdırmaq üçün birbaşa müdaxiləsi ideyası uzun illər tənqid olunub. Amma dünya bu qədər sürətlə dəyişərkən köhnə düşüncələrə sığınmaq mümkün deyil”.
O, həmçinin Böyük Britaniyanın digər ölkələrlə ticarət əlaqələrini gücləndirəcəyini və maneələri azaltmaq üçün addımlar atacağını bildirib. Hökumət Britaniyanı qlobal şoklara qarşı daha dayanıqlı etmək üçün planlarını sürətləndirəcək.