Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes Festivalı Ağdaş rayonunda təşkil edilib.
Nazirlikdən "İki sahil"ə bildirilib ki, Ağdaş Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında baş tutan festivalda Mərkəzi Aran iqtisadi rayonunda fəaliyyət göstərən fermerlər, dövlət qurumlarının nümayəndələri, aqrar sahə üzrə ixtisaslaşmış şirkətlər iştirak ediblər.
Tədbir iştirakçıları dövlətin aqrar sahədəki dəstək mexanizmləri, subsidiya və güzəştli kredit imkanları barədə məlumatlandırılıb, eyni zamanda, müasir kənd təsərrüfatı texnologiyaları və innovativ həllərlə tanış olublar.
Festivalın rəsmi açılış hissəsində çıxış edən Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə aqrar sektorun inkişafının region üçün strateji əhəmiyyət daşıdığını və belə festivalların fermerlərin maarifləndirilməsi, yeni texnologiyalarla tanış olması baxımından mühüm rol oynadığını vurğulayıb.
Millət vəkili Sahib Alıyev öz çıxışında ölkədə aqrar sahəyə göstərilən dövlət dəstəyindən bəhs edərək, kənd təsərrüfatının innovativ yanaşmalar əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Millət vəkili Məzahir Əfəndiyev festivalda çıxış edərək fermerlərin maliyyə və kredit mənbələrinə çıxış imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb, belə festivalların aqrar sahə üzrə sahibkarlıq fəaliyyətinin inkişafına müsbət təsir etdiyini deyib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışında qeyd edib ki, Aqrar Biznes Festivalları yeni texnologiya və məhsulların nümayişi ilə bərabər həm də maarifləndirmə və təcrübə mübadiləsi platformasıdır. O bildirib ki, bu festivallar vasitəsilə fermerlər aqrar sahədə tətbiq edilən ən son innovasiyalarla tanış olmaqla yanaşı, məhsullarının bazara çıxarılması üçün də yeni imkanlar əldə edirlər.
Rəsmi açılış tədbirində çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş məsləhətçisi Fərid Vəlizadə fermerlər arasında birgə layihələrin təşviqi, müasir texnologiyaların təsərrüfatlara inteqrasiyası və aqrar məhsulların yerli və beynəlxalq bazarlara çıxış imkanlarının artırılması üçün belə festivalların mühüm platforma rolunu oynadığını qeyd edib.
Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları festival ərazisində qurulan stendləri ziyarət ediblər.
Festivalda iştirak edən dövlət qurumları öz fəaliyyət istiqamətlərinə uyğun göstərdikləri xidmətləri, aqrar sahədə ixtisaslaşmış şirkətlər isə kənd təsərrüfatı təyinatlı texnika və avadanlıqlar, müasir suvarma sistemləri, toxum və ting çeşidləri, yeni nəsil gübrə və pestisidlər, iqlim dəyişikliyinə davamlı bitki sortları, eləcə də digər innovativ həlləri nümayiş etdiriblər.
Festival çərçivəsində fermerlərin maliyyə və sığorta xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə kredit yarmarkası təşkil edilib. Yarmarkada bank və bank olmayan kredit təşkilatları, maliyyə və sığorta qurumları tərəfindən güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri barədə məlumatlar təqdim edilib.
Fermerlərin maarifləndirilməsi istiqamətində tədbir çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib.
Müzakirələr zamanı Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu və ölkədə fəaliyyət göstərən aparıcı bank və bank olmayan kredit təşkilatlarının mütəxəssislərinin iştirakı ilə aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sessiyalar çərçivəsində fermerlərin və sahibkarların fikirləri dinlənilib və sualları cavablandırılıb.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi tərəfindən keçirilən Aqrar Biznes Festivalları ölkənin bütün iqtisadi rayonlarında təşkil olunacaq və fermerlərə aqrar sahədə tətbiq edilən ən son texnologiya və yeniliklərdən yararlanmaq imkanı yaradacaq.