"Bakı Metropoliteni" QSC-nin Qırmızı və Yaşıl xətlərin ayrılması çərçivəsində bu il "Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında təxminən 200 metrlik uzunluğa malik tunel tikiləcək.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib.
"Bu ildən metroda həmin xətlərin ayrılması nəzərdə tutulur. Bu da hər bir xəttin müstəqil işləməsinə, idarəetmənin səmərəliyinin və sərnişindaşıma keyfiyyətinin artırılmasına imkan yaradacaq. Həmçinin sərnişin axınının daha səmərəli tənzimlənməsi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında əlavə keçid də tikiləcək", - deyə o qeyd edib.
Bundan başqa, metropoliten rəsmisi deyib ki, əsas layihələrdən biri "Dərnəgül" elektrik deposunun tikintisidir: "Bu depo bütün standartlara cavab verəcək və Yaşıl xəttin tam müstəqil fəaliyyətini təmin edəcək. Eyni zamanda dayanıqlı enerji təminatı üçün "Nizami" və "Cəfər Cabbarlı" stansiyalarının yaxınlığında iki yeni yarımstansiya inşa olunacaq, Qırmızı xəttin köhnəlmiş dartı yarımstansiyası isə yenilənəcək”.
Onun sözlərinə görə, “İçərişəhər” və “Xətai” stansiyalarında qatarların dönməsi də təmin olunacaq: “Xətlərin ayrılması layihəsinin yekununda hərəkət qrafiki daha optimal qurulacaq, intervallar azaldılacaq və sərnişindaşıma səmərəliliyi artacaq. Nəticədə Qırmızı xətt üzrə intervallar 2 dəqiqəyə, Yaşıl xətt üzrə isə 2 dəqiqə 30 saniyəyə enəcək”.