08 aprel 2025 02:58
111

Seyyida, ölmərəm, aləmdə səsim var mənim...

Bəli, böyük şair ölməyib, ədəbiyyat tariximizdə və qəlbimizdə yaşayır. Xalqımız sevimli şairinin xatirəsini həmişə əziz tutur. Azərbaycan Prezidenti İlham Əliyevin 4 aprel 2025-ci tarixli Sərəncamı bu xalq məhəbbətinin parlaq nümunəsidir. Dövlət başçımızın Sərəncamına əsasən, bu il Seyid Əzim Şirvaninin 190 illiyi təntənə ilə qeyd ediləcəkdir. Sərəncamda maarifpərvər şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlər bir daha vurğulanıb. Onun milli şüurumuzun oyanmasındakı xidmətləri yüksək qiymətləndirilib.

Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani 1835-ci il iyulun 9-da Şamaxı şəhərindəki Qalabazar məhəlləsində dindar ailəsində anadan olub. O, kiçik yaşlarında ikən Şamaxının mötəbər şəxslərindən biri olan atası Seyid Məhəmməd vəfat edib. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşayıb. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim bir müddət İraqda yaşayıb, təxminən on il sonra Şamaxıya qayıdaraq mədrəsədə orta ruhani təhsilini tamamlayıb. Dağıstanda yaşadığı müddətdə Seyid Əzim Dağıstan xalqlarının bir neçəsinin dilini də öyrənə bilmişdi.

Uzun illər İraqda dini və dünyəvi elmlərin öyrənilməsinə vaxt sərf edən şair 1850-ci illərin axırlarında doğma vətənə qayıdıb. O, cahilliyə, nadanlığa, dinə kor-koranə itaətə, savadsızlığa qarşı barışmaz mübarizə aparıb. Dünyəvi elmlərə, müasir düşüncəyə, azadfikirliliyə, mədəniyyətə böyük əhəmiyyət verib. Bu məziyyətləri onu  görkəmli yazıçı Mirzə Fətəli Axundzadə ilə yaxınlaşdırıb və onlar dostluq ediblər. Lakin Şamaxının bəzi cahil dairələri onu gözdən salmaq məqsədi ilə hər yanda geniş təbliğatlar apararaq şairi "kafir", "səfeh", “səfahətin kani” (yəni, səfehliyin mədəni) adlandırıblar. Şeirlərinin birində bu barədə yazıb:

Eylədim ta ki, hər büsatə güzər,

Məni gördükdə xəlq söylədilər.

Budu gəldi səfahətin kani,

Hacı Seyid Əzim Şirvani.

Seyid Əzim 1869-cu ildə Şamaxıda öz hesabına “Məclis” adlı yeni məktəb açır. Məktəbdə təhsil ən yeni, mütərəqqi üsullarla aparılırdı.

Bu məktəbdə şagirdlərə ana dili ilə yanaşı, rus və fars dilləri də öyrədilirdi, dünyəvi elmlərdən ibtidai məlumat verilirdi.  Zaqafqaziya Təshil İdarəsi Seyid Əzim Şirvaninin maarifçilik  sahəsindəki xidmətlərini yüksək qiymətləndirərək şairi gümüş medalla təltif edib. Məktəbdarlıqla bərabər, bədii yaradlcılıqla da məşğul olub. O, qəzəl, müxəmməs, aşiqanə lirik şeirlər, mənzum hekayə, təmsil, maarifçilik ruhunda əxlaqi-didaktik əsərlər, habelə məqalələr yazıb. Seyid Əzim Şirvani həmçinin İran, Türkiyə, Rusiya və Azərbaycan şairləri haqqında məlumat verən “Təzkirə”nin müəllifi olub. Şair “Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani” və “Tacül-kütub” (“Kitabların tacı”), “Rəbiül-ətfal” (“Uşaqların baharı”) adlı dərsliklər də yazıb. Şairin bədii irsi Azərbaycan və fars dillərində olmaqla iki böyük külliyyatdan ibarətdir. “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat” və s. satiraları müəllifi dövrünün realist şairi kimi tanıdıb. O dövrdə tanınmış şuşalı şair Qasım bəy Zakirin şeirlərini çox sevir, onları şagirdlərə də öyrədirdi.

Yeni məktəbdə  mollaxanadan fərqli olaraq şagirdlərə fiziki cəzalar verilməsi qadağan olunmuşdu. Müasir dövrün elmləri öyrədilirdi. Böyük satirik şair Mirzə Ələkbər Sabir və maarifçi-yazıçı Sultanməcid Qənizadə bu məktəbdə təhsil almışdılar.

Seyid Əzim Azərbaycan ədəbi tarixində yeganə şəxs idi ki, 1877-ci ildə "Uşaqların baharı" adlı dərslik yazaraq şagirdlərə vətənə məhəbbət hissi aşılayır, onlara öz tarixindən və mədəni irsindən qürur duymaq, torpağı sevmək, vətəninə layiqli övlad olmaq ideyaları təlqin edirdi. Qısaca desək, dərsiyin yazılmasından məqsəd şagirdlərin vətənpərvər kimi yetişdirilməsi idi. Lakin bu, müstəbid Çar hökumətini qorxudurdu və beləliklə, dərslik tədrisdən çıxarıldı. Seyid Əzimə ciddi xəbərdarlıq edildi və bütün mətbəələrin naşirlərinə tapşırıldı ki, əgər bu dərsliyi yenə çap etsələr, onları ağır cəzalar gözləyir.

Şair pedaqoq kimi on səkkiz ildən artıq öz məktəbində müəllimlik edib. Ancaq sona qədər davam edə bilməyib. Din pərdəsi arxasında gizlənən cahil mollalar, dini fanatiklərin təzyiqi, digər tərəfdən də o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində get-gedə həmin məktəb sıxışdırılaraq öz fəaliyyətini dayandırmağa məcbur olub.

Şirvani Qafqaz müsəlmanlarını elmi biliklərə yiyələnməyə, xurafat və fanatizmi rədd etməyə, tərəqqi və mədəni dirçəliş yolu tutmağa çağırırdı. Seyid Əzim öz yaradıcılığında demokratik maarifçiliyin ən yaxşı xüsusiyyətlərini birləşdirə bilmişdi. Məhəmməd Əmin Rəsulzadə onun bu fəaliyyətinə böyük dəyər verirdi: "Minlərlə bivec seyidin içindən gələcək nəsli Seyid Əzim Şirvani yetişdirirsə, bu millətin işığı heç bir zaman sönməyəcək!".

Təəssüf ki, şair və pedaqoji fəaliyyətinin ən qaynar çağında dünyasını dəyişib. Azərbaycanda ali və orta məktəblərin ədəbiyyat dərsliklərində, kitablarda, mediada və digər məlumat mənbələrində bununla baqlı qısaca yazıblar: "1888-ci il iyunun 1-də Şamaxıda vəfat edib". Təəsüf ki, yazıların müəllifləri görkəmli şair və maarif fədaisinin 53 yaşında qəfil ölümünün səbəbini açıqlamayıblar. Axı, o, xəstəlikdən vəfat etməyib. Bunu sirrə çevirməyin, xalqdan gizlətməyin nə mənası var idi?

İlk dəfə bu barədə düzgün məlumatı tanınmış yazıçı-alim Əzizə Cəfərzadə verib. Onun şərhində belə bir fikir irəli sürülür ki, Seyid Əzim 1888-ci il may ayının 20-də Şamaxı məscidinin qarşısında İslam fundamentalistləri və dini fanatiklər tərəfindən vəhşicəsinə döyülərək öldürülüb. Şairə hücum edən başıpozuq kütlə orada onu sıxışdıraraq yerə yıxıb, sonra qəsdçilər onu ayaqlar altında  təpikləyərək ölümcül xəsarətlər yetiriblər.

Deyilənlərə görə, hadisə belə baş verib. Onun məscidə gəldiyini görən mollalar qışqırıb "öldürün kafiri" sözündən sonra onlarla bədxahları onu ayaqlar altına ataraq rəhmsizcəsinə döyərək qətlə yetiriblər. Öləndən sonra nəşini oradan çıxararaq ailəsinə təhvil veriblər. Qeyd edək ki, şairin yazdığı ifşaedici “Köpəyə ehsan” mənzum satirasından sonra mövhumatçılar onun öldürülməsinə fitva vermişdilər.

Şairi Şamaxıdakı Şahxəndan qəbiristanlığında dəfn ediblər. Xatırladaq ki, Şahxəndan Azərbaycanın məşhur sufi şairi  İmadəddin Nəsiminin böyük qardaşı olub.

"Mən öləndə Şaxandanda basdırın,

Çünki onun şahidi Xəndanı var",

hələ sağlığında belə vəsiyyət etmişdi şair.

Beləliklə, Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, maarifpərvər pedaqoq, yenilik təbliğatçısı Seyid Əzim Şirvani mövhumatın qurbanı olub. Onun qələmə aldığı rübailər, qəzəllər, nəsihətnamələr, mənzum hekayələr, müxəmməslər, öldürücü satiralar bu gün də maraqla oxunur və sahibinə əbədiyaşarlıq gətirir.

Vəli İlyasov, “İki sahil”