07 aprel 2025 22:34
93

Makronun səriştəsizliyi Fransanı daha ağır duruma salacaq

Fransa bu gün beynəlxalq aləmdə nüfuzunu sürətlə itirməkdədir. Bu prosesin arxasında bir neçə əsas amil dayanır. İlk növbədə, Fransa xarici siyasətindəki qeyri-sabitlik və səriştəsizlik, onun nüfuzunu zəiflədir. Afrika, Yaxın Şərq və Avropada üzləşdiyi uğursuzluqlar Fransanın beynəlxalq nüfuzunu itirməsi və qlobal məsələlərdə daha az təsirli olması ilə nəticələnir. Bu vəziyyət həm Fransanın daxili, həm də xarici siyasətinin yenidən qiymətləndirilməsini və təkmilləşdirilməsini tələb edir. Ölkə ictimaiyyəti isə burada əsas günahı Makronun uğursuz siyasətində görür. Bu gün Fransa Emmanuel Makronun rəhbərliyi altında ciddi siyasi böhranlarla üzləşir. Ölkədə siyasi plüralizmin və demokratik mexanizmlərin kölgədə qalması Fransa cəmiyyətində narahatlıq yaradır. Bu vəziyyətin ən son nümunəsi Paris məhkəməsinin Milli Birlik Partiyasının lideri Marin Le Pen və həmin partiyanın daha səkkiz deputatını parlament köməkçiləri məsələsində təqsirli bilməsidir. Bu mühakimə Fransa siyasətindəki etimad böhranını daha da dərinləşdirib. Makronun rəhbərliyi altında dövlətin demokratik institutlarının zəifləməsi ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb olub. Fransa daxilindəki siyasi parçalanmalar və müxalifət qüvvələrinin artan tənqidləri  Makronun prezidentliyinin növbəti dövründə ölkə siyasətindəki sabitliyi təhdid edir.

 Le Penin və partiyasının üzləşdiyi məhkəmə Fransa siyasətindəki korrupsiya və etik məsələləri yenidən gündəmə gətirib. Makronun rəhbərlik etdiyi hökumətin siyasi opponentlərlə mübarizədə məhkəmə rıçaqlarından istifadə etməsi Fransa siyasətində geniş müzakirələrə səbəb olub. Xüsusilə, Prezident Makronun və onun tərəfdarlarının siyasi rəqiblərinə qarşı məhkəmə iddiaları ilə çıxış etmələri, ölkənin siyasi mənzərəsini narahat edir. Bu, həm də Fransanın beynəlxalq aləmdəki nüfuzuna mənfi təsir göstərə bilər. Demokratik cəmiyyətlərdə hökumətin məhkəmənin müstəqilliyinə hörmət etməsi və siyasi müxalifətə qarşı təzyiq göstərməməsi əsas prinsiplərdən biridir. Ancaq Fransa hökumətinin müxalifətə qarşı sərt yanaşması bu prinsipin təhdid altında olduğunu göstərir. Bu vəziyyət həm daxili,  həm də beynəlxalq miqyasda Fransa hökumətinin hüquqi və demokratik dəyərlərə sadiqliyini sorgulamağa səbəb olur. Göründüyü kimi, müxalifətin məhkəmə vasitəsilə susdurulması, ölkənin gələcək siyasi sabitliyini və demokratik inkişafını ciddi şəkildə təhlükə altına qoyur. Analitiklərin fikrincə, hökumətin siyasi opponentlərə qarşı məhkəmə vasitəsilə təzyiq göstərməsi, seçki prosesinə müdaxilə edilməsi və müxalifətə qarşı istifadə olunan hüquqi vasitələr, vətəndaşların və siyasi partiyaların demokratiyaya olan inamını sarsıdır. Le Penin bəzi siyasi rəqibləri, o cümlədən Baş nazir Fransua Bayru və ədliyyə naziri Gerald Darmanen seçki prosesinə məhkəmə müdaxiləsindən narahat olduqlarını bildirmişlər. Qeyd etmişlər ki, Fransa demokratik cəmiyyətin əsasını təşkil edən seçki hüququ, məhkəmə müstəqilliyi və siyasi rəqabət kimi prinsiplərə hörmət göstərməlidir. Ancaq hakimiyyətin məhkəmə mexanizmlərini siyasi rəqibləri əzmək və seçki prosesini manipulyasiya etmək məqsədilə istifadə etməsi ölkənin beynəlxalq nüfuzuna mənfi təsir edə bilər. Demokratik dəyərlərin təhdid altına alınması Fransa cəmiyyətində güclü etirazlara səbəb ola və ölkənin siyasi sabitliyini təhlükəyə ata bilər. Le Penin son prezident seçkilərində yarışdan kənarda qalması, onun tərəfdarları arasında ciddi etiraz və narazılığa səbəb ola bilər.

Le Penin tərəfdarlarının təpkisi və sağçıların artan təsiri, Fransada daha böyük sosial və siyasi dəyişikliklərə yol aça bilər. Bu dəyişikliklər yalnız daxili siyasətə təsir etməklə məhdudlaşmayıb, Avropa İttifaqı və beynəlxalq münasibətlərdə də yeni dinamikaların yaranmasına gətirib çıxara bilər.

Göründüyü kimi, Makronun səriştəsizliyi Fransa üçün daha da ağır nəticələrə yol açacaq. Ölkənin siyasi mənzərəsini daha da gərginləşdirəcək və onun beynəlxalq mövqeyini zəiflədəcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”