Son dövrün ən qlobal problemlərindən olan enerji məsələsi indi də dünya dövlətlərinin diqqət mərkəzindədir. Təkcə enerji yox. Onun nəqli də problem olaraq qalmaqdadır. Bu istiqamətdə aparılan danışıqlar, görülməsi planlaşdırılan tədbirlər hələ son nəticəni əhatələmir. Belə məsələlərdən biri də Cənubi Qaz Dəhlizi və Yaşıl Enerji məsələsidir. Bunlar istər regionda, istərsə də dünya miqyasında xüsusi əhəmiyyətə malik olan məsələlər sırasındandır. Bu mühüm problemlərlə Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası məşğul olur. Cənub Qaz Dəhlizi Məşvərət Şurası Məşvərət Şurası miqyasında nazirlərin növbəti 11-ci, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası Bakıda oldu. Bu, etimadın göstəricisidir.
Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində mühüm rol oynamışdır.
Belə toplantıların başlıca mahiyyəti əməkdaşlığın gücləndirilməsidir. Ona görə ki, əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələri uğurla həll edilə bilməz. Bu, gerçəklikdir, siyasi və iqtisadi baxımdan gerçəklikdir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxışı ilə bağlı mühüm bir tədbirdə komandanın genişləndiyini, bunu əməkdaşlığın çox yaxşı təzahürü olduğunu, vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayının artacağını diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Bu çıxış layihələrin mahiyyətini də bir daha açıqladı, yerinə yetirilməsinin istiqamətlərini də göstərdi, gələcək perspektivlərini də: “Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”.
Azərbaycanın uzun illər etibarlı tərəfdaş olduğunu, Pan-Avropa qaz təchizatçısı kimi etibar və inam qazandığını, bu gün Azərbaycanın təbii qazının 12 ölkəyə çatdırıldığını, onlardan onunun Avropa ölkəsi, səkkizinin Avropa İttifaqının üzvü olduğunu, Avropada qaz təchizatımızın coğrafiyasının birmənalı olaraq genişlənəcəyini, bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak etdiyimizi xatırladan dövlət başçımız çıxışında qeyd etdi ki, “Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün maliyyələşmə lazım olacaq. Burada vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəl¬xalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır”.
Dövlət başçımız çıxışında həmçinin bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələrin bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcəyini, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacağını, həmin qazı ixraca yönəldəcəyini və s. xatırladaraq dedi ki, “...nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq...”.
Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkənin, 7 beynəlxalq maliyyə institutunun, 42 enerji şirkətinin qatıldığı, nazirlərin , nazir müavinlərinin, digər yüksəksəviyyəli nümayəndələrin iştirak etdiyi tədbir açılış sessiyasından sonra işini “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirdi.
Bakı dünyəvi proseslərin həlli üçün ən etibarlı ünvanıdır. Belə olmasaydı dünyanı düşündürən olduqca vacib məsələlər burda müzakirəyə çıxarılmazdı. Belə müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin istiqamətləndirici çıxışları problemin optimal həlli yollarını göstərir...
Səbinə Xasayeva,
Milli Məclisin deputatı