4 aprel 2025-ci il tarixində Bakı şəhərində “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Şurası çərçivəsində nazirlərin 3-cü iclasında etdiyi çıxışında enerji təhlükəsizliyi və bu sahədə strateji tərəfdaşlıqla bağlı geniş, əhatəli məlumat verdi. Dövlət başçımız qeyd etdi ki, ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Azərbaycan xam neftin, təbii qazın, neft məhsularının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır. Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda etibarlı tərəfdaş kimi tanınır, Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələri də bunu təsdiq edir, Pan-Avropa qaz təchizatçısı olduğunu təsdiqləyir. Azərbaycanın təbii qazı hal-hazırda 12 ölkəyə çatdırılır. Mövcud qaz boru kəməri sisteminin genişlənməsində birgə fəaliyyət haqqında düşünməliyik.
Tədbirdəki çıxışında dövlət başçımız əlavə etdi ki, Cənub Qaz Dəhlizi bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayan uğurlu bir layihədir. Bu layihə çərçivəsində mövcud qaz boru kəməri sisteminin genişləndirilməsi, daha çox enerji ehtiyacını ödəməyə imkan yaradır. Yeni neft-qaz yataqlarının istismara verilməsi isə bu sistemin daha da güclənməsinə və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək. Layihənin uğurla həyata keçirilməsi üçün həm maliyyə, həm də texniki biliklərin düzgün kombinasiyası vacibdir. Azərbaycan beynəlxalq tədbirlərdə qazıntı resurslarının bərpaolunan enerji ilə yanaşı dəyərləndirilməsinin tərəfdarıdır. Bu yanaşma, Avropada enerji təhlükəsizliyi məsələsində ədalətli və ayrı-seçkilikdən uzaq siyasət yürüdülməsini təşviq edir. Enerji bazarında davamlılıq və sabitlik üçün qarşıdakı illərdə də möhkəm bazar imkanlarının qorunması mühümdür. Nəticə etibarıilə, məqsəd həm yerli, həm də beynəlxalq səviyyədə etibarlı, inklüziv, uzunmüddətli və dayanıqlı enerji əməkdaşlığı qurmaqdır.
Azərbaycanın enerji siyasəti həm ənənəvi, həm də bərpaolunan mənbələrə əsaslanaraq geniş perspektivlər açır. Azəri-Cıraq-Günəşli və Abşeron kimi yataqlarda hasilatın genişləndirilməsi Cənub Qaz Dəhlizinin gücləndirilməsinə xidmət edir. Avropa komissiyası ilə imzalanmış strateji memorandum nəticəsində Azərbaycanın qaz ixracı əhəmiyyətli dərəcədə artmışdır. Avropa İttifaqına üzv ölkələrin 1/3-i ilə strateji tərəfdaş olan Azərbaycan Respublikası bu gün də verdiyi təklif və layihələrlə qloballaşan dünyanın inkişafına öz əvəzsiz töhfələrini verir. Dövlətimiz əmindir ki, həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı bütün gələcək planlarımız uğurlu olacaqdır.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini