Bu gün Azərbaycanın qazandığı iqtisadi, sosial, hərbi, siyasi, diplomatik uğurların, qələbələrin başlıca təminatçısı Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasətin Onun ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılmasıdır. Məhz əldə olunan böyük qələbələrin bəhrəsi olaraq dünya xalqları və dövlətləri Azərbaycanla münasibətlərin daha da dərinləşməsinə xüsusi önəm verirlər. İmzalanan çoxsaylı dövlətlərarası müqavilələr, beynəlxalq müqyaslı sazişlər Azərbaycanın dünyada artan nüfuzunun təsdiqidir. Daim dünya ölkələri beynəlxalq konfransaların, tədbirlərin, idman yarışlarının sabitlik adası olan Azərbaycanda keçirilməsində istəkli olurlar. COP29 konfransının ardınca 9 aprel 2025-ci ildə ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumun keçirilməsi dünya birliyinin Azərbaycanla daha isti və davamlı münasibətlərin qurulmasında maraqlı olduğunu göstərir. Belə bir beynəlxalq konfransın ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada mövqeyinin daha da möhkəmlənməsinə təkan olmaqla yanaşı, həm də dövlətimizin əldə etdiyi nailiyyətlərin, aparılan siyasətin dünya ölkələrinə təqdimatıdır. ADA Universitetinin va Beynəlxalq Münasibatlərin Təhlili Mərkəzinin birgə təşkilatçılıǧı ilə “Yeni dünya nizamına doǧru” mövzusunda keçirilən Forumda 44 ölkədən 80-dan çox tanınmış beynəlxalq ekspertlər, analitiklər, siyasətçilər və diplomatlar iştirak etmişdir. Sayca 7-ci olan bu forum Azərbaycanda hər il keçirilir və konfransların hamısında beynəlxalq ekspertlər va beyin mərkəzləri qlobal dünyanı narahat edan məsələləri müzakirə edib, təklif və rəylərini səsləndirirlər. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn ekspertlər, siyasətçilər, elm adamları Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq imkanı qazanırlar. Artıq beşinci ildir ki, ölkəmizə gələn forum iştirakçıları Fateh Sərkərdə, Prezident İlham Əliyevin Sərkərdəlik məharəti ilə azadlığına qovuşan Qarabağımıza səfərlər edirlər. Ölkələrinə qayıtdıqdan sonra isə səfər iştirakçıları Qarabağda aparılan geniş miqyaslı quruculuq, abadlıq, bərpa və təmir işlərindən sonra gözəlləşən, inkişaf edən ərazilərmizlə bağlı öz mətbuatlarında, televiziyalarında təəssüratlarını bölüşürlər. Forum iştirakçılarının işğaldan azad edilən ərazilərə səfərlər etmələrinə diqqət ayırarkən Prezident İlham Əliyev forumda çıxışında bildirdi ki, “Siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində - otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir. Lakin Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qərarından sonra təəssüf ki, təcavüzkar separatizmə aparan bu prosesə start verildi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı. Siz orada olmusunuz. Siz nələrin baş verdiklərinin şahidi olmusunuz. Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam. Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək”.
Yaddaşlarda uzun müdət qalacaq tarixi çıxış
Azərbaycan Prezidenti İlham Əliyevin forumda çıxışı həm daxili, həm də xarici siyasət prizmasından olduqca əhəmiyyətli məqamlarla zəngin oldu. Fateh Sərkərdə, Prezident İlham Əliyev nəinki. Azərbaycanın, regionun, həm də dünyada siyasi-iqtisadi məsələlərə diqqt çəkdi və müharibələrin, münaqişlərin arzuolunmaz fəlakətlər yaratdığını qeyd etdi. Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın qazandığı parlaq hərbi zəfərdən sonra Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işlərinin regionda sülhə, təhlükəsizliyə mühüm tövfələr verdiyini bildirdi. Prezident İlham Əliyev çıxışında diqqətə çatdırdı ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında 24 saatdan az çəkən antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini xüsusi vurğuladı. Haqlı və əsaslı formada bildirdi ki, bu, beynəlxalq hüquq tarixində nadir rast gəlinən haldır ki, bir ölkə xarici dəstək olmadan, yalnız öz siyasi iradəsi, güclü ordusu və xalqının birliyi hesabına otuz ildən çox davam etmiş bir işğala son qoyaraq suverenliyini tam təmin etmişdir. Fateh Sərkərdə, Ali Baş Komandan İlham Əliyev forum iştirakçılarının nəzərinə çatdırdı ki, Azərbaycan müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə uyğun apardı: “Əlbəttə ki, bu suala cavab vermək üçün müxtəlif seqmentlər mövcuddur. Birincisi, müdafiə qabiliyyətidir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir. Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi. Biz intiqam almadıq. Lakin xüsusilə Qarabağa qayıdanda və barbarlığı, vəhşiliyi gördükdə işğal illərində hansı hissləri keçirdiyimizi təsəvvürünüzə gətirə bilərsiniz. Beləliklə dedik ki, - və mən bunu dəfələrlə demişəm, - intiqamımızı döyüş meydanında alacağıq. Normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməyəcəyik. Bu, belə də oldu. Biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə dair anlayışımıza uyğun apardıq. Bu, 44 günlük müharibənin hər bir gününü diqqətlə nəzərdən keçirən bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Beləliklə, müharibə bitdikdən sonra, əlbəttə ki, vəziyyəti tamamilə sabit olan bir vəziyyət kimi qiymətləndirmək olmazdı. 2023-cü ilin sentyabrına qədər bu belə deyildi, itkilərimiz olurdu. Əfsuslar olsun ki, Ermənistan və onun arxasında duran bəzi xarici qüvvələr onlara çox pis məsləhətlər verirdilər. Əslində, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi”.
Müttəfiqimiz və qardaşımız olan Türkiyə, dostumuz İsrail
Azərbaycan Prezidenti İlham Əliyevin forumda qeyd etdiyi əsas məqamlar, xüsusilə Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə bağlı fikirləri müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin yerinin və rolunun önəmli dərəcə də böyük olduğunu göstərir. “Müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik” fikri yaxın müttəfiq dövlətlər arasında əlaqələrin normallaşmasında Azərbaycanın maraqlı olduğunu nümayiş etdirir: “Bəlkə də bilirsiniz ki, bu normallaşmanın nəzərəçarpan əlamətləri də var idi, məsələn, İsrail Prezidenti cənab Hersoqun Türkiyəyə səfəri və Prezident Ərdoğanla görüşü, Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında Nyu-Yorkda görüş. Bu, iki il bundan əvvəl baş vermişdi. İndi bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk. Ola bilsin ki, hazırkı mərhələdə bundan daha çox söz demək doğru olmaz, çünki yenə də bu, iki ölkə arasındakı münasibətlərdir. Aramızdakı hər hansı prosesi, - əgər, ümumiyyətlə, belə bir proses varsa, - nə dərəcədə ictimailəşdirmək istəmələrinə onlar özləri qərar verməlidirlər. Normallaşmanın birinci raundu zamanı tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, indi eyni işi görürük. Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq. Dostlarınız arasında pis münasibətlərin olması hər zaman pisdir. Bu, onlar üçün pisdir, bizim üçün pisdir və dünya üçün pisdir. Çünki düşünürəm ki, legitim narahatlıqlara, kifayət qədər yüksək səviyyədə etimadsızlığa baxmayaraq, hələ də normallaşma və qarşılıqlı maraq doğuran sahələr üçün əsas tapmaq olar. Zənnimcə, proses dayanmamalıdır. Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir”.
Azərbaycan Prezidentinin forum çərçivəsində xüsusilə vurğuladığı məsələlərdən biri də ABŞ-Azərbaycan əlaqələrinə mane olmağa çalışan qüvvələrin mövcudluğu oldu. Prezident İlham Əliyev Bayden-Blinken komandasını münasibətlərin zədələnməsinə cəhddə günahlandırdı: “Buna çox təəssüflənirəm, çünki təmaslarımızın əvvəlində ona çox etimad edirdim. Lakin əfsuslar olsun ki, yanılmışdım. Qafqazda ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, bizə qarşı ayrı-seçkilik etmək, Azərbaycan haqqında şayiələr yaymaq cəhdləri oldu. Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların “Washington Post”, “New York Times”, “Politico” və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın “feyk xəbərlər” adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı. Biz bilirdik ki, bu məqalələrin mənbəyi Dövlət Departamentidir. USAID-lə də bağlı vəziyyət eyni idi. İndi, yeri gəlmişkən, bizim Baş prokuror USAID-in qanunsuz fəaliyyətini araşdırır. İlkin araşdırma ilə bağlı artıq məlumat verilmişdir. Bu, anti-Azərbaycan fəaliyyətinin miqyasını, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səylərini nümayiş etdirir. Sənədlər hazır olan kimi onu Prezident Tramp administrasiyasına təqdim edəcəyik ki, onlar bu korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görə bilsin. Beləliklə, bu tarixdir və bu tarix barədə bəlkə də saatlarla danışa bilərəm, lakin indi ən mühüm olan odur ki, bəli, gözlədiyimizi artıq əldə etmişik ya yox? Mən deyərdim, bəli. Çünki, birincisi, ABŞ siyasətində anti-Azərbaycan trendi dayandırıldı və bu, artıq müsbət məqamdır. İkincisi, artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul olub. Üçüncüsü, Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik, həmçinin birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var. Bizim münasibətlərimizdə heç bir böhran yox idi. Bəli, münasibətlərimiz istədiyimiz kimi fəal deyildi, lakin bu, birinci prezidentlik dövrü idi”. “ABŞ Prezidenti Trampın başladığı iş çox ümidvericidir, lakin hesab edirəm ki, o, dayanmamalıdır” deyə bildirən Azərbaycan Prezidenti İlham Əliyev onu da qeyd etdi ki, USAID, əlbəttə ki, bir nəhəngdir, tamamilə korrupsiyaya uğramış bir qurumdur: “Bu haqda danışmışam. Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq. Bu barədə sualınıza cavab verdiyimi düşünürəm. Beləliklə, bizimlə olduğunuz üçün təşəkkür edirik”.
Prezident İlham Əliyevin dünya mediasının diqqətini özünə cəlb edən və müzakirələrə səbəb olan fikirləri
Prezident İlham Əliyevin dünya mediasının diqqətini özünə cəlb edən və müzakirələrə səbəb olan vacib məqamlardan biri də, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı və Avropanın enerji təhlükəsizliyi üçün oynadığı əhəmiyyətli rolu barədə çıxışı oldu. Prezident İlham Əliyev bildirdi ki, Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə məndən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir: “Beləliklə, həmin qaz nə vaxt və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir. Avropanın enerji təhlükəsizliyi problemləri bizə məlumdur. Hazırda onların təhlükəsiz şəraitdə olmasına baxmayaraq, orada sənayenin tələbatları bizə bəllidir. Hətta yaşıl enerjiyə olan tələbatı da bilirik. Yaşıl enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Yeri gəlmişkən, dörd qiqavat yalnız başlanğıcdır. Beləliklə, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. Biz buna hazırıq”.
Prezident İlham Əliyev forum çərçivəsində çıxışında diqqətə çatdırdı ki, hazırda qaz təchizatımız 12 ölkəni əhatə edir, onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvüdür: “Albaniyanın qazlaşdırılmasını qeyd etdiniz. Sadəcə, sizi məlumatlandırmaq istərdim ki, Albaniyanın Korça şəhərində qazlaşdırma layihəsi Azərbaycan sərmayələri sayəsində həyata keçiriləcək. Beləliklə, o, artıq razılaşdırılıb. Alban hökuməti həmin şəhəri seçdi və düşünürəm ki, bu il biz qazlaşdırmağa sərmayə yatırmağa başlayacağıq. Bu sahədə təcrübəmiz var. Biz Gürcüstanın qazlaşdırılmasına artıq böyük sərmayələr yatırmışıq, düşünürəm ki, indi orada qazlaşdırmanın səviyyəsi təxminən 80 faiz təşkil edir. Biz öz vəsaitlərimizlə başladığımız zaman həmin səviyyə 30 faiz təşkil edirdi. Hazırda Bolqarıstanda qazlaşdırma layihəsini müzakirə edirik. Əslində, həmin ölkədə qazlaşdırma var, lakin məhduddur. Bu gün Bolqarıstan öz qaz istehlakının təxminən 50 faizini Azərbaycandan təmin edir və biz digər ölkələrdə də eyni addımı atmağa hazırıq. Yeri gəlmişkən, Xorvatiyaya gəldikdə, işimiz yalnız qazlaşdırmanın və ya qaz təchizatının müzakirəsi ilə məhdudlaşmır. Energetikaya aid digər məsələlər də var. Sağ olun. Bu suala görə minnətdaram, çünki həmin mühüm məsələni Avropadakı tərəfdaşlarımızın diqqətinə bir daha gətirə bildim”.
Bir sözlə, ADA Universitetində “Yeni dünya nizamına doǧru” mövzusunda keçirilən beynəlxalq forum və forumda Prezident İlham Əliyevin çıxışı nəinki, regionun sabitliyi, sosial iqtisadi inkişafına, eləcə də dünyada sülhün, senerji təhlükəsizliyinin təmin olunmasına mühüm tövfələr vermiş olacaq.
Eldar İbrahimov,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor