13 aprel 2025 14:35
177

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb

Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “İki sahil”ə verilən məlumata görə, aprelin 8-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində naməlum hədəf müəyyən olunaraq təqib edilib. Sərhəd gəmilərinin təqibindən yayınan hədəf İran İslam Respublikasının ərazi sularına geri qayıdıb.

Əraziyə baxış keçirilərkən qaçaqmalçılar tərəfindən dənizə atılmış bağlamada ümumi çəkisi 12 kiloqram 450 qram narkotik vasitə marixuana və 450 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.