Milli Müdafiə Universitetinin (MMU) Cəmşid Naxçıvanski adına Hərbi Liseyində Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Mirzəyev Murad Telman oğlunun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə şəhidin ailə üzvləri, müəllimləri və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər M.Mirzəyevin şərəfli həyat və xidmət yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.
MMU rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov çıxış edərək şəhid zabitin göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə, həmçinin "Murad Mirzəyev Salnaməsi" adlı kitabın təqdimatı keçirilib.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər və bədii kompozisiyalar nümayiş olunub.