Prezident İlham Əliyevin iştirakı ilə aprelin 9-da ADA Universitetində keçirilmiş «Yeni dünya nizamına doğru» mövzusunda beynəlxalq forum qlobal məsələlərin müzakirəsi baxımından önəmli idi. Sevindrici haldır ki, bu gün dünya Avropa və Asiyanın qovuşduğu məkanda, Şərq-Qərb və Şimal-Cənub kəsişmə nöqtəsində yerləşən ölkəmizin qlobal miqyasda rolunu anlamağın və nəzərə almağın vacibliyini getdikcə daha aydın başa düşür.
İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən və bir günlük lokal anti teroor tədbirlərindən sonra belə forumların və konfransların keçirilməsi ənənə halını alıb. Bu mühüm addım ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən yerini və rolunu, yürütdüyü siyasətin uğurlarını təqdim edir. Azərbaycan hər zaman sabitlik məkanı kimi dəyərləndirilir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu beynəlxalq konfranslara, forumlara verilən önəm tədbirlərə qatılan iştirakçıların ildən-ilə artan say tərkibindən də aydın görünür. Yeni-yeni hədəflərə doğru inamla addımlayan Azərbaycan, həmçinin innovasiyalar ölkəsi kimi diqqətdədir. Hazırda dünya ölkəmizin işğaldan azad edilmiş ərazilərimizdə apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda zəngin şəhərsalma təcrübəsini də diqqətlə izləyir.
Məlumdur ki, yeni dünya düzəninin formalaşmasında enerji təhlükəsizliyinin əhəmiyyətli rol oynaması bir həqiqətdir. Bu istiqamətdə ölkəmiz mühüm qlobal mövqelərə sahibdir. Xüsusilə Avropanın enerji təhlükəsizliyi müəyyən mənada Azərbaycan Respublikası tərəfindən qaz təchizatının təmin edilməsindən asılıdır. Son dövrdə Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatı coğrafiyasının genişlənməsi, Avropanın enerji təhküləsizliyinin təmin edilməsində respublikamızın ciddi rolunu təsdiq edir. Belə ki, hazırda 12 ölkə, o cümlədən səkkizi Avropa İttifaqının üzvü olan on Avropa ölkəsinin daxili qaz istehlakının yarısı Azərbaycan qazı ilə təmin edilir.
Xatırladaq ki, ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlər kimi bu Forumun iştirakçıları da işğaldan azad olunmuş ərazilərə səfər edib, münaqişənin tarixi, Azərbaycanın bugünkü reallığı, beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünü və suverenliyini, eləcə də bərpa-quruculuq işlərini öz gücü ilə təmin etməsinə dair uğurlu təcrübə ilə tanış oldular. Daha sonra regionda yaranan yeni reallıqlar fonunda dünyanın ən təcrübəli liderlərindən biri kimi dövlətimizin başçısına müxtəlif suallar ünvanlandı. Cavablar tam dolğun, faktlara söykənmiş idi. Eyni zamanda Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün aparıcı beyin mərkəzlərinin ekspertlərinin diqqətinə çatdırılması vacib məqam idi. Həmçinin Cənubi Qafqazda yeni eranın başlanması, yeni reallıqların hər kəs tərəfindən qəbul edilməsi ilə bağlı fikirlər səsləndirildi. Forumda istər ölkəmizdə idarəçiliyin formalaşması, istər işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası, eyni zamanda Ermənistan-Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, irəli sürülən təkliflər, region ölkələri ilə münasibətlər və qlobal məsələlərlə bağlı müzakirələr də aparıldı. “Cənubi Qafqazda əməkdaşlıq Azərbaycan və Ermənistan arasında sazişin imzalanmasından asılıdır. Yalnız belə olan halda Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq”, - deyən dövlətimizin başçısı qeyd etdi ki, təbii olaraq bu proses silahlanma fonunda baş verə bilməz. Azərbaycan Prezidenti bu kontekstdə diqqəti Ermənistanın silahlanmasına yönəltdi. Rəsmi Bakı açıq şəkildə xəbərdarlıq etdi ki, Ermənistanın ölümcül silahlarla silahlanması regionda sülhə və sabitliyə yox, yeni gərginlik ocaqlarının yaranmasına xidmət edir
Forumda Azərbaycan-ABŞ münasibətləri mühüm müzakirə mövzusu idi. Xüsusilə Azərbaycan Prezidenti Bayden-Blinken Administrasiyasının ölkəmizə qarşı qərəzli mövqeyini tam mənası ilə ifşa etdi. Eyni zamanda bildirdi ki, D.Tramp hakimiyyətə gələndən sonra ABŞ siyasətində anti-Azərbaycan trendinin dayandırılması müsbət haldır və tərəfdaşlığın gücləndirilməsi üçün yaxşı imkanlar yaranıb. Yəni, cənab Prezidentin də bəyan etdiyi kimi, Azərbaycan Tramp administrasiyası ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağı vaxtı gözləyir.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri