14 aprel 2025 14:13
292

“Mədəni irsini qoru” layihəsinin növbəti infoturu Gəncədə təşkil edilib - FOTO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Gəncədə “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsi çərçivəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “Mədəni irsini qoru” layihəsinin növbəti infoturu cari ilin 12 aprel tarixində Gəncədə baş tutub.

“İki sahil” xəbər verir ki, infoturun məqsədi ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində müxtəlif tədbirlər, bərpa və konservasiya işləri ilə bağlı praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsi kimi məqamlardan ibarətdir.

 İnfotur zamanı Gəncədə yerləşən ali təhsil müəssisələrinin tələbələri və media nümayəndələri üçün Gəncənin həm tarix, həm də mədəniyyət baxımından böyük əhəmiyyət daşıyan Çökək hamamı, Cavad xanın türbəsi, Şah Abbas məscidi və Karvansarayı, Gəncə qala divarları, ADR-in Parlament binası və digər tarixi yerlərə ekskursiya təşkil olunub.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Pərvin Kazımov, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov və digər mütəxəssislər tərəfindən maarifləndirici məlumatlar layihə iştirakçılarının diqqətinə çatdırılmışdır.

Qeyd edək ki, daha öncə layihə çərçivəsində Qobustan Milli Tarix-Bədii Qoruğuna, Böyük və Kiçik Mərdəkan Qəsrlərinə, Zərgərpalan hamamına infoturlar təşkil olunub.