14 aprel 2025 22:35
197

“Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində ilk görüşün qonağı Xalq yazıçısı Anar olub

Aprelin 14-də ADA Universitetində “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində tələbələrlə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın görüşü olub.

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ADA Universiteti və “Mədəniyyət” telekanalının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə Dövlət Komitəsinin ədəbiyyat gecəsi təşəbbüsünü yüksək qiymətləndirib. O, Azərbaycanın ən görkəmli qələm adamlarından biri olan Xalq yazıçısı Anarla tələbələrin görüşünü nadir və dəyərli bir fürsət kimi dəyərləndirib. Prorektor bu görüşün tələbələr üçün yazıçının həyat və yaradıcılığı ilə yaxından tanış olmaq, eləcə də onunla birbaşa ünsiyyət qurmaq baxımından unikal imkan yaratdığını vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında "Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində keçirilən bu cür görüşlərin uşaqların dünyagörüşünün formalaşmasına, onların milli-mədəni irsimizə bağlılığının gücləndirilməsinə xidmət etdiyini deyib. Bildirilib ki, gənc nəslin söz sənətinin ustadları ilə birbaşa ünsiyyəti onların yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynayır.

Görüş zamanı Xalq yazıçısı Anar tələbələrlə səmimi söhbət aparıb, özünün ədəbi yaradıcılığı və həyat yolu haqqında ətraflı məlumat verib. Yazıçı müxtəlif dövrlərdə qələmə aldığı əsərlər, onların mövzuları, qəhrəmanların daxili aləminin formalaşdırılması və ümumilikdə yaradıcılıq prosesinin incəlikləri barədə fikirlərini bölüşüb.

Tələbələr Xalq yazıçısına əsərlərindəki əsas ideya xətti, obrazların hansı prinsiplər əsasında yaradıldığı, yazı zamanı hansı hissləri keçirdiyi, ilham mənbələrinin nədən ibarət olduğu və uşaqlıq dövrünün yazıçı təxəyyülünə necə təsir etdiyi ilə bağlı suallar ünvanlayıblar. Suallara öz yaradıcılıq nümunələri əsasında cavablar verən yazıçı qazandığı təcrübələri, yaşadığı hissləri və müşahidələrini də onlarla bölüşüb.

Yazıçı vurğulayıb ki, hər bir əsərin arxasında dərin müşahidə, daxili duyum və bəzən də şəxsi həyat hadisələri dayanır. O, həmçinin qeyd edib ki, ədəbiyyat yalnız bir sənət növü deyil, eyni zamanda, insanı mənəvi cəhətdən zənginləşdirən, onu daha dərin düşünməyə və hiss etməyə təşviq edən mühüm vasitədir.

Qeyd edək ki, bu gündən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzə Dövlət Komitəsi, ADA Universiteti və “Mədəniyyət” telekanalının əməkdaşlığı ilə “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsinə start verilib. Layihənin məqsədi məktəblilərin, tələbələrin maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, uşaq və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərə əsasən maarifləndirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili sahəsində fəaliyyətin gücləndirilməsidir. Layihə çərçivəsində tanınmış ziyalıların uşaq və gənclərlə görüşləri, həmçinin bu mövzuda konfrans və forumların keçirilməsi nəzərdə tutulur.

Yaqut Ağaşahqızı, "İki sahil"