14 aprel 2025 16:13
154

Gürcüstanda siyasi partiyalara xarici dəstək məhdudlaşdırılır

Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi siyasi partiyaların və seçki məqsədi ilə fəaliyyət göstərən şəxslərin xarici hüquqi şəxslərdən ianə və qrant almalarını məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, “Gürcü arzusu” fraksiyasının təşəbbüsü ilə hazırlanan qanun layihəsinə əsasən, siyasi məqsəd daşıyan şəxslər Gürcüstanda və ya xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslərdən mühazirə, seminar və digər ictimai tədbirlər vasitəsilə maliyyə yardımı qəbul edə bilməyəcəklər. Qrantların alınması üçün isə Gürcüstan hökumətinin və ya səlahiyyətli qurumun razılığı tələb olunacaq.

Qanun layihəsində bildirilir ki, razılıq olmadan qəbul edilən qrantlara görə, şəxs ikiqat məbləğdə cərimələnəcək. Bu qaydalar ümumi və ali təhsil, elmi fəaliyyət və beynəlxalq idman tədbirləri üçün verilən fərdi qrantlara şamil olunmayacaq.

Təşəbbüs müəllifləri bildirirlər ki, məqsəd ölkənin suverenliyini və daxili siyasi proseslərinə xarici təsirlərin qarşısını almaqdır.

Qanun layihəsinin qəbul edilməsi Gürcüstanda fəaliyyət göstərən siyasi birliklər üçün yeni hüquqi çərçivə müəyyənləşdirəcək.