Azərbaycan Prezidentinin balanslı siyasəti ölkəmizi bir çox regional qarşıdurmalardan ciddi şəkildə sığortalayır
Bu gün İran- İsrail-ABŞ hərbi qarşıdurmasının davam etməsi bölgədəki vəziyyətin qeyri-sabit olacağından xəbər verir. Xüsusilə ABŞ kimi fövqəlgücün hətta İrana hərbi müdaxilə edəcəyini bəyan etməsi göstərir ki, bölgə ölkələrinin geosiyasi maraqlarına da təhlükə yarana bilər. Lakin bütün bunlara rəğmən, Azərbaycan dövləti balanslı siyasəti ilə özünü qorumağa qadirdir. Belə ki, ölkəmiz Yaxın Şərqdəki münaqişəli ölkələrin hər biri ilə dostluq əlaqələrinə malikdir.
İlk növbədə, İran İslam Respublikası ilə qonşuyuq və bu ölədə 40 milyonadək soydaşımızın mövcudluğu Azərbaycanın hər hansı münaqişəyə cəlb edilməsinə imkan vermir. Eyni zamanda, İsrail ilə də dostluq münasibətlərimizin olması bu ölkədən Azərbaycana təhlükənin olmasını önləyən mühüm amildir. Xatırladaq ki, hələ İkinci Qarabağ müharibəsində İsrail daim ölkəmizi həm beynəlxalq arenada müdafiə etmişdir, həm də ən müasir silahlarla təminatımıza yardımçı olmuşdur. Bundan başqa, ABŞ-ın yeni hakimiyyəti ilə Azərbaycan dövlətinin isti münasibətləri də bölgədə ehtimal edilən hərbi qarşıdurmada ölkəmizi hər hansı təhdidlərdən qoruyacaq amildir.
Xatırladaq ki, İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin bir neçə gün öncə ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi dünya ictimaiyyəti tərəfindən maraqla izlənildi. Görüşün ümumi məntiqinə uyğun olaraq demək olar ki, regionda İran-ABŞ qarşıdurması ərəfəsində ölkəmizin tutacağı mövqe də münaqişə tərəfləri üçün maraqlıdır. Lakin ölkəmizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi başqa dövlətlərə qarşı hərbi məqsədlər üçün istifadə olunmayıb və bundan sonra da olunmayacaq. Ona görə ki, ölkəmiz həmişə bölgənin sabitliyində maraqlı olub.
Ümumiyyətlə, Azərbaycan dövləti hes vaxt İrana qarşı siyasi və iqtisadi sanksiyayalara qoşulmayıb. Hətta İrandan bizə qarşı təhdidlərin artdığı dövrlərdə belə, ölkəmiz mehriban qonşuluq siyasətinə sadiq qalıb. Eyni zamanda, Prezident İlham Əliyev indiki münaqişənin digər tərəfi olan ABŞ-la da strateji enerji və təhlükəsizlik əməkdaşlığını qoruyub saxlayıb.
Əslində, Prezident İlham Əliyevin son 22 ildəki uğurlu xarici siyasəti ölkəmizi fövqəlgüclərin hərbi poliqonuna çevrilməkdən qoruyub. Məsələn, Cənubi Qafqaz ölkələri Ermənistand və Gücüstandakı hakimiyyət dəyişiklikləri bu dövlətlərin özlərinə yeni dayaqlar axtarmaqları ilə nəticələnib. Belə ki, son 30 ildə Ermənistan Rusiyanın forpostu idisə, Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə bu kurs dəyişildi. Ermənistanda qərbyönümlülərin Rusiyaya qarşı açıq- aşkar çıxışları uzun müddət bu ölkədə siysi xaos yaratdı və hələ də davam edir. Eyni mənzərə bu gün qonşu Gürcüstanda da mövcuddur. Lakin bu dəfə Gürcüstan hakimiyyətində anti- Avropa əhval- ruhiyyəsi hökm sürür. Ona görə də bu ölkədə də siyasi qarşıdurma hələ də səngimək bilmir.
Əslində, siyasi reallıq belədir ki. zəif ölkələr daim özünə kənardan dayaq axtarırlar. Bu isə həmin ölkələrin həm hərbi, həm də iqtisadi-siyasi zəifliyini əlamətləridir. Lakin bütün bunlara rəğmən Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlara xidmət edən siyasi fəaliyyəti ilə bölgədə söz sahibi olan güclü Azərbaycan yaradıb. Bu həmin Azərbaycandır ki, son 20 ildə iqtisadi gücü ilə bölgənin ən qüdrətli ordusunu yaradıb. Məhz həmin ordu MDB məkanında ilk dəfə separatizmə və beynəlxalq terrorçuluğa ağır zərbələr vuraraq öz ərazi bütövlyünü və suverenliyini bərpa edib. Həm də qısa müddətdə- cəmi 44 günlük Vətən müharibəsi və birgünlük lokal anti-terror tədbirləri nəticəsində …
Eyni zamanda, bu gün beynəlxalq aləm, o cümlədən böyük dövlətlər Azərbaycanla ona görə hesablaşırlar ki, biz bir ölkə olaraq Avropanın enerji təchizatında önəmli mövqe tuturuq.Yəni, indiki Rusiya- Ukrayna müharibəsi dövründə dünaynın ən böyük karbohidrogen təchizatçısına tətbiq edilən sankisyalara rəğmən daha geniş bazarlar qazanmışıq. Bu da Prezident İlham Əliyevin uzun llərdir davam edən düzgün neft strategiyasının təntənəsidir.
Bundan başqa, hazırda Azərbaycan həm də nəqliyat- logistika mərkəzi kimi dünyanın diqqətindədir. Çoxsaylı qaz və neft kəmərlərinin mövcudluğu nəinki Azərbaycanın, hətta qonşu ölkələrin neft və qazını dünya bazarlarına çatdırır. Həmçinin Orta Dəhlizin işlək vəziyyətə gətirilməsi də ölkəmizi nəqliyyat-logistika mərkəzinə çevirib.
Bütün bunlardan çıxış edərək demək olar ki, Azərbaycan dövləti bir çox regional təhlükələrə qarşı özünü ciddi şəkildə sığortalayıb. Bu möhtəşəm tendensiya birmənalı olaraq xarici siyasətdəki balanslaşdırmaya və hərbi- iqtisadi inkişafa əsaslanıb.
Elçin Zaman, «İki sahil»