Azərbaycan Türkiyə başda olmaqla, dost ölkələrin dəstəyi sayəsində başda Fransa olmaqla Qərbdəki məkrli dairələrin planlarını puç edib. Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına 48 saat ərzində ölkəni tərk etmələri barədə göstəriş verib
Yelisey Sarayı uzduza -uduza gedir. Fransa bir vaxtlar Əlcəzair xalqının azadlıq hərəkatına etdiyi müdaxiləni, törətdiyi soyqırımının bənzərini Yeni Kaledoniyada kanaklara qarşı etməyə çalışsa da bu ölkənin keçmiş müstəmləkələrində baş verən hadisələr bir daha təsdiq edir ki, rəsmi Paris öz məqsədinə nail ola bilıməyəcək. Artıq Fransanı Afrikadan qovurlar. Bu qitədə Fransanın hegemoniyasına qon qoyulur. Sahel dövlətləri, xüsusilə Burkina-Faso, Mali və Niger, imperializmə qarşı mübarizənin ön cəbhəsində yer alır. Bu ölkələr xarici qüvvələrin, xüsusilə Fransanın regionda apardığı siyasəti kəskin tənqid edərək, müstəqilliklərini və ərazi bütövlüklərini qorumaq üçün ciddi addımlar atırlar.
Bu günlərdə Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına 48 saat ərzində ölkəni tərk etmələri barədə göstəriş verib. “France24” telekanalının xəbərinə görə, Fransanın xarici işlər naziri Jan Noel Baro aprelin 14-də bildirib ki, Əlcəzairin müvafiq qərarı bu ölkənin üç vətəndaşının Fransada həbs olunması ilə bağlıdır. Aprelin 11-də Paris prokurorluğu Əlcəzairin ölkədəki konsulluq rəsmisi də daxil, üç əlcəzairlini adam oğurluğunda ittiham edib. Bu şəxslər 2024-cü ilin aprelində sosial media inflüenseri (müxtəlif sahələrə aid məzmunlu və təsiredici fikirləri ilə insanları yönləndirməyi bacaran, düşüncələrinə inanılan və izlənilən şəxs-Z.R.) Əmir Buxorsun Paris ətrafında oğurlanmasında şübhəli biliniblər. Ə.Buxors Əlcəzair hökumətinin tənqidçisidir və “TikTok” platformasında bir milyondan çox izləyicisi var. O, 2016-cı ildən Fransadadır və 2023-cü ildə siyasi sığınacaq alıb. Ə.Buxors 2024-cü ilin aprelində oğurlanıb və vəkilinin sözlərinə görə, ertəsi gün sərbəst buraxılıb. Əlcəzair hökuməti həmin inflüenserin məhkəmə qarşısına çıxması üçün ölkəyə qaytarılmasını tələb edir. Ona qarşı fırıldaqçılıq və terrorla bağlı ittihamlar irəli sürülüb və haqqında doqquz beynəlxalq həbs orderi çıxarılıb.
Tarixən qanlı müstəmləkəçi siyasəti ilə ayrı-ayrı bölgələrdə xalqlara zülm edən, yüzillərlə Şimali Afrikanı işğal altında saxlayan Fransa islamofob, türkəfob və Azərbaycanofob bir dövlət kimi də tanınır.
2012-ci ildə Fransa Fransa Milli Assambleyasının ardından Senat da sözdə “erməni soyqırımı”nı inkara görə cəzalandırmanı nəzərdə tutan qanunu qəbul edərkən Türkiyə Cümhuriyyətinin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğan hiddətlə demişdi: “Soyqırımı görmək istəyənlər dönsünlər və öz çirkli qanlı tarixlərinə baxsınlar… Əgər Fransa Milli Assambleyası tarixlə maraqlanmaq istəyirsə, getsin, Afrikada yaşananları, Ruandanı, Əlcəzairi işıqlığa qovuşdursun…”.
Öz riyakar siyasəti ilə uzun illərdən bəri Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlığa, sabitliyə əngəl olan olan rəsmi Paris açıq şəkildə daim Ermənistanı müdafiə edib, Qarabağda separatizmə dəstək verib. Anti-Azərbaycan siyasəti ilə tanınan Fransa hətta ölkəmizdə casus şəbəkəsi yartamaqdan belə çəkinməyib. Makron hakimiyyəti rəsmi Bakının dəfələrlə etdiyi çağırışlara məhəl qoymayaraq, Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmağa, bu ölkəyə hərbi dəstək verməyə və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləməyə çalışır.
Bu gün özünü bütün dünyaya sülh, demokratiya, insan haqları uğrunda mübariz kimi sırımaq üçün bütün çirkin vasitələrdən istifadə edən Fransa yüz illərdən bəri müstəmləkələrdə, eləcə də Yeni Kaledenoyida törətdiyi cinayətlərə görə üzr istəmək əvəzinə, Azərbaycanı şantaj etməklə həyasızcasına istismarçı neokolonialist siyasətini davam etdirmək üçün min bir oyundan çıxsa da heç nəyə nail ola bilmir. Çünki Azərbaycan Türkiyə başda olmaqla dost ölkələrin dəstəyi sayəsində Qərbin planlarını puç edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Fransa və Rusiya uzun illər Qarabağ probleminin həlli üçün heç bir əməli addım atmayıb: “İşğala son qoyulması üçün Ermənistana heç bir təzyiq göstərilməyib, işğalçıya və işğaldan əziyyət çəkənə eyni cür yanaşılıb. İkinci Qarabağ müharibəsi ilə problem həll edildikdən sonra işğalla bağlı 30 ildir heç bir fəaliyyət göstərməyən Qərb ölkələri Azərbaycana təzyiq göstərməyə başlayıb. Öz ərazi bütövlüyünü təmin etdiyi üçün Azərbaycanı cəzalandırmağa çalışırlar. Onların başında Fransa və şəxsən Emmanuel Makron dayanır. BMT Təhlükəsizlik Şurasında müzakirələr keçirərək, Azərbaycanı cəzalandırmaq istədilər. Avropa Birliyində Azərbaycana sanksiya tətbiq etməyə çalışdılar”.
Görünən odur ki, Fransa Prezidenti Emmanuel Makronun çirkin planları özü kimi kəllə-mayllaq olur…
Zahid Rza, “İki sahil”