15 aprel 2025 15:42
109

Ayasofya məscidinin günbəzində əsaslı bərpa işlərinə başlanılıb

Ayasofya məscidinin günbəzində əhatəli bərpa və möhkəmləndirmə işlərinə başlanılıb.

“İki sahil” xəbər verir ki, 1486 illik tarixi ilə İstanbulun simvollarından birinə çevrilən məsciddə hazırda aparılan işlər günbəzin zəlzələyə qarşı davamlılığının artırılmasını nəzərdə tutur.

Məlumata görə, bərpa prosesində abidənin daxili mozaika örtüyünə zərər gəlməməsi üçün bütün müdaxilələr yalnız xaricdən həyata keçiriləcək. Günbəzin üzərindəki qurğuşun örtüklər söküləcək, zədəlilər bərpa olunacaq, digərləri isə yenilənəcək.

Restavrasiya işləri çərçivəsində günbəzin daxilindəki qədim mozaikalar təsirə məruz qalmayacaq. Bunun üçün məscidin içərisində 43,5 metr hündürlüyündə, dörd sütun üzərində dayanan polad platforma qurulacaq. Bu qurğu həm restavrasiya işlərinin təhlükəsizliyini təmin edəcək, həm də möminlərin rahat ibadət etmələrinə imkan verəcək.