04 mart 2025 10:40
266

Kimin bacısı ABŞ və müttəfiqlərinə xəbərdarlıq edib

Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yo-Conq ABŞ-ın nüvə sualtı gəmisi “USS Carl Vinson”un martın 2-də Cənubi Koreyanın Busan şəhərinə gəlməsinə sərt reaksiya verib.

İki sahil” xəbər verir ki, xanım Kim yaydığı məlumatda ABŞ və onun bölgədəki müttəfiqlərini Şimali Koreyanın təhlükəsizlik narahatlığına məhəl qoymadan təxribatçı hərəkətlər etməkdə günahlandıraraq, "ABŞ bu cür hərəkətləri ilə Şimali Koreyaya qarşı düşmən və qarşıdurma mövqeyini açıq şəkildə nümayiş etdirdi", - deyib.

Koreya yarımadasındakı gərginliyin artmasının əsas səbəbinin ABŞ və müttəfiqlərinin bölgədə NATO təsirini artırması olduğunu bildirən Kim, "Biz ABŞ və onun qüvvələrinin suveren bir dövlətin təhlükəsizlik qayğılarını göz ardı edən və bütün regionda sülh mühitini təhlükə altına alan ehtiyatsız hərəkətlərini və güc nümayişlərini şiddətlə qınayırıq", - deyib.

ABŞ və müttəfiqlərinin Şimali Koreyanı silah gücü ilə diz çökdürməyə məcbur etməyə çalışdıqlarını deyən Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin sədr müavini, söyləyib ki, mövcud reallıq Şimali Koreyanın nüvə gücünü artırmaq siyasətinin doğruluğunu və zəruriliyini açıq şəkildə nümayiş etdirir: “ABŞ Şimali Koreyaya qarşı hərbi nümayişlərdə rekordlarını yeniləməyə davam edərsə, Şimali Koreya, təbii olaraq, strateji çəkindirmə təcrübələrindəki rekordlarını yeniləməli olacaq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”