Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş şəhid anaları, həyat yoldaşları və qız övladlarının iştirakı ilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev şəhid analarını, həyat yoldaşlarını və onların qız övladlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. E. Quliyev bildirib ki, Azərbaycan qadınının ən böyük xidməti vətən qarşısında vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən övlad bəxş etməkdir. Bu baxımdan Azərbaycan qadınının dünyaya nümunə olduğunu, həmçinin, onların vətənpərvərliyin təbliğatçısı kimi rolunu vurğulayan təşkilat sədri qeyd edib ki, analarımızın verdiyi tərbiyənin nəticəsi olaraq igidlərimiz 30 il işğal altında qalan torpaqlarımızı 2020-ci ildə 44 gündə və 2023-cü ildə isə son antiterror əməliyyatı zamanı azad etməyə nail oldular. Elçin Quliyev torpaqlarımızın müdafiəsi, Azərbaycanın bütövlüyünün təmin olunması zamanı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək qəhrəmanlıq səlnaməsi yaradan igidlər yetişdirdiyinə görə xalqımızın bütün şəhid analarına minnətdar olduğunu vurğulayıb.
YAP Nərimanov rayon təşkilatı tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları, həyat yoldaşları və qız övladlarına xüsusi bayram hədiyyələri təqdim olunub.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasının rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkilib.