Ukraynanın xarici işlər naziri Andriy Sibiha atəşkəsə hazırlıq üçün məsul komandanın formalaşmasına başlandığını təsdiqləyib və növbəti həftənin əsas vəzifəsi kimi monitorinq üçün “yol xəritəsi”nin yaradılmasını göstərib.
“İki sahil” xəbər verir ki, bu barədə o, Yaponiyanın NHK telekanalına müsahibəsində bildirib.
"Atəşkəsin monitorinqi və hazırlığına cavabdeh olan komanda artıq formalaşmağa başlayıb. Gələn həftə əsas vəzifə 1 300 kilometrdən artıq cəbhə xəttində monitorinqin necə aparılacağını, o cümlədən hərbi baxımdan necə aparılacağını təsvir edən "yol xəritəsi"nin yaradılması olacaq. Bu, həqiqətən də, mürəkkəb problemdir. Buna cavabdeh olan komanda plan və yol xəritəsinin hazırlanması üzərində işləyəcək, tərəfdaş ölkələrlə məsləhətləşmələr aparacaq".
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin vəziyyəti idarə etmək üçün hansısa beynəlxalq qurumun himayəsi altında beynəlxalq müşahidə missiyasının yerləşdirilməsinə ehtiyac ola biləcəyini istisna etməyib.
Eyni zamanda, Sibiha bəyan edib ki, Ukrayna məsələsi ilə bağlı Ukraynasız heç bir qərar qəbul edilə bilməz: “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizlik təminatlarına zərər verəcək heç bir güzəşt olmayacaq”.