2024-cü il Azərbaycanın müasir tarixinə mühüm siyasi və iqtisadi hadisələrin baş verdiyi il kimi daxil olub.
Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyətinə dair hesabatını "İki sahil"ə şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Lətif Zeynallı bildirib ki, ötən il ölkə iqtisadiyyatı üçün dayanıqlı inkişaf, mühüm investisiya layihələri və sosial islahatlarla yadda qalıb. COP29 kimi qlobal əhəmiyyətli tədbirin Bakıda keçirilməsi və ölkənin D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artdığını nümayiş etdirib. Eyni zamanda, nəticələr göstərir ki, makroiqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, ÜDM həcmi artıb, xüsusilə, qeyri-neft sektoru inkişaf edib. Dövlətin valyuta ehtiyatlarının artması, xarici dövlət borcunun azalması, İnflyasiyanın illik 4,9%, orta illik 2,2% səviyyəsində qeydə alınması dayanıqlı iqtisadi artıma zəmin yaradıb. Bundan başqa, dövlət büdcəsinin gəlirlərinin 102%, xərclərinin isə 95% icra edilməsi fiskal intizamın və maliyyə idarəetməsinin səmərəliliyinə dəlalət edir. Sənaye zonalarında istehsal həcminin 3,3 milyard manata çatması, o cümlədən 1,1 milyard manatlıq ixracın həyata keçirilməsi sənayenin inkişafında müsbət dinamikanın davam etdiyini göstərir.
Lətif Zeynallı vurğulayıb ki, sosial sahələrdə də böyük islahatlar həyata keçirilib. Belə ki, dövlət büdcəsinin böyük bir hissəsi sosial sahələrə ayrılaraq, pensiya və sosial yardımlar artırılıb, müharibə əlilləri və şəhid ailələrinə xüsusi diqqət göstərilib. Bu islahatlar sosial rifahın yaxşılaşdırılmasına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş mühüm addımlar olub. Həmçinin Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində də 2024-cü ildə irəliləyişlər əldə edilib. Genişmiqyaslı minatəmizləmə işləri və müdafiə xərclərinə ayrılan vəsait ölkənin müdafiə qabiliyyətinin güclənməsinə xidmət edib. 2025-ci ildə 65 min hektardan artıq ərazinin təmizlənməsi planı isə həm iqtisadi, həm də sosial baxımdan mühüm əhəmiyyət kəsb edir.
Lətif Zeynallı əlavə edib ki, 2025-ci ilin dövlət büdcəsində qəzalı binalarla bağlı problemlərin aradan qaldırılması və vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu addım sosial rifahın artırılması və şəhər infrastrukturunun müasirləşdirilməsi, əhalinin təhlükəsiz və rahat yaşayış şəraitinin təmin edilməsi istiqamətində dövlətin davamlı siyasətinin tərkib hissəsidir. Bundan başqa, 2025-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsait işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişi, müasir infrastrukturun qurulması və dayanıqlı yaşayış mühitinin formalaşdırılması istiqamətində genişmiqyaslı layihələrin icrasına yönəldiləcək. Bu investisiyalar işğaldan azad olunmuş ərazilərdə inkişafı təmin etməklə məcburi köçkünlərin doğma yurdlarına qayıdışını sürətləndirəcək və bölgənin iqtisadi potensialını gücləndirəcək. O cümlədən, 2025-ci ildə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılışı Naxçıvanın enerji təhlükəsizliyini və təminatını daha da artıracaq.
Lətif Zeynallının sözlərinə görə, təqdim olunan hesabatdan da aydın olur ki, ümumilikdə 2024-cü il Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını və sosial rifahını artıran bir il kimi yadda qalıb. Ölkənin beynəlxalq əlaqələri güclənib, iqtisadi dayanıqlılıq təmin olunub və sosial siyasət inkişaf etdirilib. 2024-cü ildə əldə olunan nailiyyətlər və 2025-ci ildə planlaşdırılan layihələr Azərbaycanın gələcək inkişafına təkan verərək ölkənin siyasi və iqtisadi gücünün artırılması istiqamətində mühüm addımların atılmasına şərait yaradacaq.
Orxan Vahidoğlu, "İki sahil"