Dövlət başçısı müsahibəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqların vacibliyini vurğuladı. O bildirdi ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda sülhün və sabitliyin təmin olunması üçün səmimi və konstruktiv addımlar atıb. Prezident qeyd etdi ki, rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün real iradə nümayiş etdirir və artıq müqavilənin bir çox müddəaları razılaşdırılıb. O, Ermənistanı tarixi fürsətdən istifadə etməyə və destruktiv yanaşmadan əl çəkməyə çağırdı.
Prezident, həmçinin, Azərbaycanın 30 il ərzində işğala məruz qalmasına baxmayaraq, revanşist siyasət yürütmədiyini, əksinə, sülhün və əməkdaşlığın inkişafı üçün açıq olduğunu vurğuladı. Bununla yanaşı, dövlət başçısı bildirdi ki, Azərbaycan öz suverenliyini və təhlükəsizliyini təmin etmək üçün güclü müdafiə strategiyasını davam etdirəcək.
Müsahibə zamanı Prezident İlham Əliyev Azərbaycanın Avropa və dünya enerji bazarlarında mühüm tərəfdaş olduğunu vurğuladı. O bildirdi ki, hazırda Azərbaycan 10-dan çox Avropa ölkəsinə təbii qaz ixrac edir və bu, ölkəmizin qlobal enerji təhlükəsizliyində əsas oyunçulardan biri olduğunu sübut edir. Prezident qeyd etdi ki, Azərbaycanın enerji siyasəti təkcə neft və qaz sektorları ilə məhdudlaşmır, ölkə həmçinin yaşıl enerji istehsalında da irəliləyişlərə nail olur.
Prezident İlham Əliyev Azərbaycanın bərpa olunan enerji sahəsində apardığı işlərdən danışaraq, Xəzər dənizinin külək enerjisi potensialının yüksək olduğunu və ölkənin bu sahədə böyük layihələrə imza atdığını qeyd etdi. Azərbaycanın bu istiqamətdə Avropa İttifaqı, beynəlxalq maliyyə institutları və aparıcı enerji şirkətləri ilə əməkdaşlıq etdiyini vurğulayan dövlət başçısı, ölkənin gələcəkdə yaşıl enerjini xaricə ixrac etməyi hədəflədiyini də bildirdi.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesindən də danışdı. O bildirdi ki, Ermənistan 30 il ərzində Qarabağ və Şərqi Zəngəzuru tamamilə dağıdıb, tarixi-mədəni irsimizi məhv edib, yüzlərlə şəhər və kəndi yerlə-yeksan edib. Buna baxmayaraq, Azərbaycan hökuməti genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verib və qısa müddət ərzində mühüm layihələr həyata keçirilib.
Prezident İlham Əliyev vurğuladı ki, artıq keçmiş məcburi köçkünlərin ilk qrupunun doğma torpaqlarına qayıdışı təmin edilib və bu proses mərhələli şəkildə davam etdiriləcək. Azərbaycan hökuməti bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edir, müasir infrastruktur layihələri həyata keçirir. Dövlət başçısı beynəlxalq ictimaiyyəti, xüsusilə də donor təşkilatlarını bu bərpa prosesinə töhfə verməyə çağırdı.
Müsahibədə ABŞ-Azərbaycan münasibətlərinə də toxunan Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın xarici siyasəti daim balanslı olub və beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Lakin son dövrlərdə ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycana qarşı siyasəti 30 il ərzində qurulmuş münasibətlərə ciddi zərbə vurub. Prezident bildirdi ki, Azərbaycanın regionda artan nüfuzu və müstəqil siyasəti bəzi dairələrdə qısqanclıqla qarşılanır, lakin Azərbaycan öz suveren xarici siyasətindən geri çəkilməyəcək.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan heç bir təzyiqə boyun əyməyəcək və milli maraqlarını qətiyyətlə qoruyacaq. Dövlət başçısı qeyd etdi ki, rəsmi Bakı beynəlxalq əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq yalnız qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında baş tuta bilər.
Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsi Azərbaycanın regional və beynəlxalq siyasətini bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı məqamlar Azərbaycanın sülhə, inkişaf və enerji təhlükəsizliyinə verdiyi töhfələri nümayiş etdirdi. Müsahibə Azərbaycanın müstəqil siyasət yürütdüyünü, sülh və əməkdaşlıqdan yana olduğunu, lakin eyni zamanda milli maraqlarını qorumaq üçün güclü mövqe sərgilədiyini bir daha təsdiqlədi.
Azərbaycanın həyata keçirdiyi siyasət, həm regionda, həm də beynəlxalq səviyyədə sabitlik və inkişaf üçün mühüm bir model olaraq qalır. Bu müsahibə Azərbaycanın dünya siyasətindəki rolunun daha da möhkəmləndiyini və ölkəmizin qlobal proseslərdə aktiv iştirak etdiyini bir daha sübut etdi.
Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi