17 mart 2025 14:26
127

Yeni dönəmdə Azərbaycan-ABŞ münasibətləri tədricən yaxşılaşacaq

Martın 13- də Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə  həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar ölkəmizin haqlı  mövqeyini dünyaya bir daha nümayiş etdirdi. Müsahibədə diqqətçəkən məqam o idi ki, ilk öncə dünya nizamından söz açıldı. Bildirildi ki, artıq dünya nizamı mövcud deyildir, əvəzində xaotik bir mühit var. Xüsusilə vurğulandı ki, hazırda bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədirlər.  Prezident İlham Əliyev  həmçinin milli maraqlarımız məsələsində ölkəmizin heç kəsə və ya heç bir təsisata arxalanmadığını “Euronews” televiziyası vasitəsilə dünya ictimaiyyətinə bir daha çatdırdı.

Müsahibədə vurğulanıb ki, indi dünya birliyi ölkəmizi müstəqil xarici siyasət yürüdən dövlət  kimi xarakterizə edir. Bu da dövlətimizin beynəlxalq aləmdəki nüfuzunun və qətiyyətli  siyasi kursunun nəticəsidir. Məhz peşəkar diplomatiyanın təntənəsidir ki, dövlətimiz öz resursları hesabına suverenliyini və ərazi bütövlüyünü öz gücünə bərpa etdi.

Dövlətimizin başçısı, həmçinin təəssüflə vurğulayıb ki, hazırda münaqişələrin sayı artmaqdadır, yalnız  Qarabağda olan münaqişə öz həllini tapıb. Özü də bu  beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Azərbaycan işğalın davam etdiyi 30 ilə yaxın müddətdə sülh siyasətinə sadiqlik nümayiş etdirərək bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların nəticə verməsi üçün ciddi səylər göstərdi. Amma dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində Ermənistanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayınması, həlledici məqamlarda təxribatlar törətmək cəhdləri diqqətdən kənarda qalmadı. Açıq-aydın göründü ki, Ermənistan münaqişənin həllində maraqlı deyil, yeni müharibə planları hazırlayır. Himayədarlarının dəstəyi ilə danışıqları imitasiya naminə aparan, özü üçün vaxt qazanıb istehkamlar quran, silahlanan Ermənistan sonda Azərbaycan Ordusu tərəfindən necə diz çökdürüldüyünün şahidi oldu.

Prezident İlham Əliyev müsahibəsində bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ-nin ölkəmizə qarşı qərəzli mövqeyindən danışıb. Bildirib ki,  ABŞ-ın əvvəlki administrasiyası ilə Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirib. Təbii ki, belə bir mövqeyin arxasında Azərbaycan və Ermənistan arasında, xüsusilə, keçmiş Dağlıq Qarabağ regionu ilə bağlı uzun müddət davam edən münaqişə dayanırdı.

Ölkəmizin başçısı müsahibəsində ABŞ rəsmilərinin  belə ədalətsiz davranışlarını və onun konkret əlamətlərini çox gözəl ifadə edib.  Deyib ki, rəsmi Vaişiqnton vaxtı ilə beynəlxalq hüquqa sığmayan formada Azərbaycanı “işğalçı müharibə” aparmaqda günahlandırırdı. Hətta bununla  kifayətlənməyərək  regionda pozucu fəaliyyətini gücləndirdi, ermənipərəst mövqeyni sərgiləyirdi. Ancaq ölkəmiz güman edir ki, yeni mərhələdə yəni, Donald Tramp hakimiyyəti ilə  Azərbaycan-ABŞ münasibətləri tədricən yaxşılaşacaq.

Ümumiyyətlə, ölkəmizin başçısının müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, həm də ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə də hesablanıb.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri