18 mart 2025 12:15
121

FHN attraksionlarda nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi bayram günləri ilə əlaqədar attraksionlara nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib.

“İki sahil” xəbər verir ki, nəzarət tədbirləri Novruz və Ramazan bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi ölkənin şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionlarda keçirilir.

Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş, habelə tövsiyələr verilib.

Bildirilib ki, attraksionlar təhlükə potensiallı qurğular olduğundan onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir.

İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi onlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunub.

Eyni zamanda həyata keçirilən tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə məsul şəxslərə ətraflı məlumat verilib.