18 mart 2025 16:27
96

"Şəhid övladlarının incəsənət akademiyası” layihəsinə yekun vurulub

Beynəlxalq Muğam Mərkəzində "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Şəhid övladlarının incəsənət akademiyası" layihəsinin bağlanış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdən əvvəl foyedə akademiyanın rəsm qrupunun üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Bağlanış mərasimində rəsmi şəxslər, incəsənət xadimləri, şəhid ailələri və kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxış edərək layihənin məqsədinin şəhid övladlarının incəsənət sahəsində inkişafına töhfə vermək olduğunu, şəhid övladlarının yaradıcılıq potensialını üzə çıxarmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün nəzərdə tutulduğunu bildirib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova akademiyanın iştirakçılarının qazandığı bilik və bacarıqların onların gələcək inkişafına mühüm təsir göstərəcəyini qeyd edib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova layihənin emosional tərəflərindən bəhs edərək layihəni şəhid övladlarının mənəvi dünyasına işıq salan bir təşəbbüs kimi dəyərləndirib.

Layihənin gedişatını və nəticələrini əks etdirən videoçarx nümayiş olunub.

Rəsmi hissədən sonra tədbir tanınmış incəsənət ustaları və akademiyanın musiqi qrupunun üzvlərinin ifalarından ibarət bədii hissə ilə davam edib. Xalq artisti Fidan Hacıyeva, Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov və Aqşin Abdullayevin akademiyanın üzvü olan şəhid övladları ilə duetləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

“Qəhrəman övladıyıq” xor qrupunun ifasında sözləri Xalq şairi Vahid Əzizə, musiqisi isə Könül Hüseynovaya aid olan “Vətən övladları” mahnısının təqdimatı keçirilib.

Mərasimin yekununda akademiyanı uğurla bitirən şəhid övladlarının mükafatlandırma mərasimi olub.

Üç ay davam edən “Şəhid övladlarının incəsənət akademiyası” layihəsi çərçivəsində iştirakçılar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində peşəkar təlimçilər - rəssam Nigar Şıxəliyeva və vokal müəllimi Reqina Məcidova tərəfindən keçirilən dərslərdə iştirak ediblər.