18 mart 2025 16:45
110

Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində 800-dək şəxs üçün kiçik təsərrüfat yaradılıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri müharibə veteranı Mahmudov Mahmud Zaur oğlu və Qarayev Pərviz Mustafa oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə M.Mahmudov üçün qapı və pəncərə istehsalı, P.Qarayev üçün isə avtoçilingər xidmətləri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Ağdaş rayonunda 800-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub.