19 mart 2025 03:02
83

Sərhəddə casus missiyası yenidən aktivləşib

Hərbi təxribatları Ermənistanın sülhə çıxışını daha da ağırlaşdıracaq

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-i saat 08:55 radələrində Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bundan öncə, martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdu. Bütün bunların fonunda həm Qərb, həm də ABŞ tərəflər arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayırlar. Real faktlar göstərir ki, onlar bunu yalnız sözdə ifadə edirlər. Çünki təcavüzkar ölkənin sürətlə silahlandırılması, maliyyə vəsaitlərinin artırılması belə deməyə əsas verir ki, onlar Cənubi Qafqazda sülhün, təhlükəsizliyin bərqərar olmasında əsla maraqlı deyillər. Məqsədləri Qafqazda yeni münaqişə ocağı yaratmaqdır.

Bu günlərdə Azərbaycan hərbçilərinə qarşı yolverilməz hərəkətlər edən erməni əsgərin görüntüləri də yayılıb. “Caliber”in yaydığı məlumatda qeyd olunub ki, erməni hərbçilərinin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əsgərlərinə qarşı təxribat xarakterli addımları Avropa İttifaqı (Aİ) missiyasının gözləri önündə baş verib. Belə ki, erməni hərbçilərdən biri nalayiq ifadələr işlədərək, təxribat xarakterli hərəkətlər edərək, provokativ davranış nümayiş etdirib. Üstəlik, o, bunu məhz şərti Ermənistan-Azərbaycan sərhədində Aİ missiyasının olmasını gözləyərək edir. Azərbaycan hərbçiləri peşəkarlıq nümayiş etdirərək təxribatlara boyun əymir və düşmənin bu psixoloji oyunlarına hələ də əhəmiyyət vermir. Amma istənilən səbrin sonu gələ bilər. Bəs onda necə olacaq? Aİ missionerləri ilə xor oxumağa qoşulan erməni tərəfi Azərbaycanı “vəziyyəti gərginləşdirməkdə” ittiham edəcəkmi? Əgər erməni təxribatçılarının planı belədirsə, o zaman onların nəzərinə sadə bir şeyi çatdırırıq: sizin bütün gedişləriniz hesablanıb.

Cəmi bir həftə əvvəl Aİ missiyasının rəhbəri və “dürbin diplomatiyası” ustası Markus Ritter erməni jurnalistlərə işinin “çətin şərtlərindən” şikayət etmişdi. “Azərbaycanlılar bizi nəinki öz tərəflərindən lentə alırlar, hətta bəzən qışqırırlar”, - deyə Ritter gileylənmişdi. O, təbii ki, ifadəsini təsdiq edəcək heç bir sübut təqdim etməyib. Bu, yeri gəlmişkən, təbiidir. Ritter şərti Ermənistan-Azərbaycan sərhədinə heç də həqiqəti dünyaya çatdırmaq üçün getməyib. Onun funksiyası tamam başqadır - Ermənistan tərəfdən təxribat xarakterli heç nəyi, o cümlədən Azərbaycan mövqelərinin atəşə tutulmasını “görməmək”. O “xatırlamır” ki, Avropa İttifaqının məhz bu missiyasının sərhəddə olması Azərbaycanla razılaşdırılmayıb. Onun özünəməxsus eşitmə qabiliyyəti və görmə ilə bağlı böyük problemləri var.

Aİ və erməni xisləti yenə də ortadadır. Sülh gündəliyini bacardıqca gözdən salmaq, "Bakının günahı üzündən onun mümkünsüzlüyü" görüntüsünü dünyaya sırımaq lazımdır. Bundan ötrü ən ideal variant Azərbaycanın guya Ermənistana hücum etməyə hazırlaşması barədə yalançı tezisi körükləmək, ölkəmizi müharibə tərəfdarı qismində haqsız yerə hədəfə gətirməkdir. Ona görə də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində maraqlı olmayan bəzi dairələr "antisülh" mahiyyətli addımlarını davam etdirməkdə israrlıdırlar. Heç bir siyasi-ictimai mahiyyət daşımayan, sadəcə, regiona "nəzarət" üçün Ermənistana yerləşdirilən Aİ-nin "müşahidə missiyası" sərhəd bölgəmizə gələrək "fəaliyyətinin" nədən ibarət olduğunu fransız çılpaqlığı ilə ortaya qoyur. Bu qrup monitorinq missiyası mahiyyətindən daha çox Ermənistanı sülhdən uzaqlaşdırmaq üçün təzyiq vasitəsi kimi istifadə edir. "Binokl diplomatiyası"nı özünün ən vacib hərəkət mexanizminə "çevirdiyini" düşünən qrup, hətta ara-sıra xarici ölkələrin Ermənistandakı səfirlərini, İrəvanda qonaq olan, amma sülh məsələsinə dəxli olmayan xarici nümayəndələri şərti sərhədə gətirərək, onların Azərbaycan torpaqlarına "boylanan yerdə" şəkillərini çəkir paylaşır. Bunu həm də özünün missiyası sayır. Eyni zamanda, son vaxtlar bir sıra Avropa ölkələrinin, xüsusən də Fransanın nümayəndələri Ermənistan-Azərbaycan sərhədində kifayət qədər tez-tez görünürlər. Bir sözlə, missiya kim gəldi əlinə bir durbin verib Azərbaycana tərəf boylandırır...

Əlbəttə, hazırkı sərhəd insidenti böyük ölçüdə Ermənistanın haqq və ədalətdən uzaq olmasının, reallıqları qəbul etmək istəməməsinin, avantürizmi qorumaq niyyətinin sübutudur. Bu, bir daha onu göstərir ki, İrəvan yalnız gücün dilini anlayır. Yəni, ona üzərinə götürdüyü öhdəlikləri xatırlatmağın ən yaxşı vasitəsi gücdür. Əks halda, işğalçı ölkə manipulyasiyalarını davam etdirəcək, ABŞ və Fransa başda olmaqla, kollektiv Qərbin Cənubi Qafqaz planlarında, ümumən bölgə üzərində qurulmuş qlobal oyunlarda kiçik alətə çevrilməsinə davam edəcək. Sərhəd təxribatı da İrəvanın alətə çevrilmək mahiyyətinin növbəti təzahürüdür və deməli, Ermənistan illüziya bataqlığından qurtulmağı bacarmır.

Sevinc Azadi, “İki sahil”