Günün nəbzi
Gorbagor Jirinovski bu zatıqırığın yanında toya getməli imiş
Adam nə dərəcədə abırsız, həyasız olmalıdır ki, qapıdan qovanda pəncərədən soxulsun, pəncərəni qapadanda isə şişman bədənini bacaya pərçim edib düz evin ortasında peyda olsun. Hələ biz bu adamabənzər məxluqun “morda”sının (sifətinin) sağ tərəfinə tüpürəndə heç nə olmamış kimi üzünün sol nahiyəsini, soluna tüpürəndə sağını çevirməsini demirik. Söhbət, əlbəttə, sümsük köpək kimi erməni qapısında sülənməyi özünə şərəf bilən Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini Konstantin adlı, Zatulin (zatıqırıq demək daha doğru olar) soyadlı əbləhdən gedir. O əbləhdən ki, artıq iki ildir Ermənistanda “persona non-qrata” elan olunub və onun bu ölkəyə girişi tamamilə yasaqlanıb. Amma nə olsun. Nə etsən də it sümsüklüyündən əl çəkən deyil axı. Gecə-gündüz sadiq köpək kimi qapısında üzü Azərbaycan və Türkiyə istiqamətinə hürdüyü ermənilər bu sırtıq-maçanın nə qədər sinəsindən itələyib özlərindən uzaqlaşdırmağa çalışsalar da onlara sədaqətini nümayiş etdirmək üçün dəridən-qabıqdan çıxmaqda davam edir. İki ayağını bir başmağa dirəyib deyir ki, canım-gözüm, şirin sözüm ermənilər, sizi sevəcəyəm, siz sevməsəniz də...
Bəlkə də ağa-nökər münasibətlərində dərin çatların yaranmasının ilk çağlarında, xüsusilə vətənsiz ermənilərin onlara Cənubi Qafqazda yoxdan bir “vətən” düzəltmiş keçmiş ağalarının üzünə ağ olmasından sonra nəinki bu əbləbin şər-böhtanlarının tək ünvanı Azərbaycanda, hətta Rusiya cəmiyyətində də əksəriyyət Konstantin Zatulin kimilərdən bu dərəcədə riyakarlıq, abırsızlıq, həyasızlıq, yaramazlıq gözləmirdi. Əksinə, Ermənistanın və erməni toplumunun tarix boyu vassalı olduğu Rusiyaya qəflətən arxa çevirib Qərbdə yeni “ağa” axtarışına çıxması ilk növbədə Zatulinin və Zatulin kimilərin heysiyyatına toxunmalı idi. Ən azı o səbəbdən ki, qatı şovinist baxışları və imperiya təfəkkürü hamıya yaxşı məlum olan bu üzdəniraq tip haylar köhnə ağalarının üzünə ağ olana qədər yeri gəldi, gəlmədi bütün platformalarda özünün erməni təəssübkeşliyini, antitürk, anti-Azərbaycan mövqeyini vassallarının rus xalqına və Rusiya dövlərinə sadiq köpək itaətkarlıqları ilə əsaslandırmağa çalışırdı. Rusiyanın aparıcı qanunverici orqanında yüksək vəzifə tutan, bir qayda olaraq bu ölkənin dövlət telekanallarında yayımlanan siyasi tok-şouların “ulduz”una çevrilən Konstantin Zatulin bütün sayıqlamalarında bəyan edirdi ki, erməni xalqı Cənubi Qafqazda görən gözümüz, danışan dilimiz, eşidən qulağımızdır: “Biz tarix boyu bu regionda həyata keçirdiyimiz siyasətdə ermənilərə arxalanmışıq, bundan sonra bu xətti davam etdirməliyik.”
İndi bu görən göz, danışan dil, eşidən qulaq keçmiş ağasına dirsək göstərir. Başqa sözlə, Zatulinin əcdadlarının və özü də daxil olmaqla müasirlərinin bir zamanlar qoyunlarında bəsləyib ətə-qana gətirdikləri xəyanətkar toplumun bu gün İrəvanın küçə və meydanlarında rus xalqını, Rusiya dövlətini aşağılayan, alçaldan şüarlar səsləndirməsindən, onun dövlət bayrağını ayaqlar altına atıb yandırmasından, keçmiş ağalarını “işğalçı”, “təcavüzkar”, “erməni xalqının düşməni” adlandırmasından, hətta Ermənistan adlı morionet dövlətin Beynəlxalq Cinayət Məhkəməsinin Prezident Vladimir Putinin həbsinə yol açan Roma Statusunu ratifikasiya etməsindən sonra da ermənilər üçün “timsah göz yaşları” axıtmağın yalnız bir adı var: riyakarlıq! Axı, bu “timsah göz yaşları” axıdan hansısa əldəqayırma olsa belə müxalifət təmsilçisi deyil, Dövlət Dumasında hakim “Yedinaya Rossiya” Partiyasının deputat fraksiyasının üzvü, parlamentin nüfuzlu komitələrindən birinin sədrinin birinci müavinidir.
Bu zatıqırıq əbləhdən soruşan gərəkdir ki, ikinci şəxsi olduğun komitənin səlahiyyət dairəsinə daxil olan xarici ölkələrdəki həmvətənlərlə əlaqələri ünvanına dili boğaza qoymadan fasiləsiz tərif yağdırdığın Ermənistana şamil etmək üçün orada nümunə üçün heç olmasa bir rus tapa bilərsənmi? Təbii ki, tapa bilməz. Bəs belə olduğu halda bu zatıqırıq nədən başından böyük qələt edib səlahiyyət həddini aşır. Vəzifəsinə aid olmayan məsələlərə, daha dəqiq desək, hazırda Bakı Hərbi Məhkəıməsində mühakimə edilən Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarını cidd-cəhdlə müdafiə edir. Hətta utanıb-qızarmadan, abır-həya etmədən artıq bütün dünya ictimaiyyətinin, o cümlədən təmsilçisi olduğu Rusiya hakimiyyətinin separatçı-terrorçu kimi tanıdıqları şəxsləri “müstəqil artsax respublikasının liderləri”, “hərbi əsirlər” adlandırır, ağzı köpüklənə-köpüklənə Azərbaycanı “artsaxı işğal” etməkdə, “tarixi erməni maddi-mədəniyyət abidələri”ni özününküləşdirməyə cəhd göstərməkdə günahlandırır.
Diqqət edin, görün bu “ artsax sevdalısı” sarsaq nə çərənləyir: “Bu gün biz Azərbaycanın qədim erməni mədəniyyətinə, o cümlədən Dağlıq Qarabağdakı tarixi erməni maddi-mədəniyyət abidələrinə sahib çıxmaq cəhdlərinin şahidi oluruq. Azərbaycanlılar ermənilərə məxsus V-XII əsrlərə aid olan monastrları, kilsələri və digər maddi-mədəniyyət nümünələrini alban abidələri hesab etməklə faktiki olaraq onlara sahib çıxmağa çalışırlar. Halbuki, V-XII əsrlərdə nəinki bu ərazilərdə azərbaycanlılar yaşamırdılar, hətta o zaman onlar bir xalq kimi mövcud deyildilər. Doğrudur, sonralar bu ərazilərdə ermənilərin qonşuluğunda, hətta ermənilərlə birgə azərbaycanlılar da yaşamışlar. Lakin azərbaycanlılar artsaxa bu ərazinin köklü sakinləri olan ermənilərdən xeyli sonralar gəlmişlər... Ümumiyyətlə, bu gün biz Cənubi Qafqazda gedən prosesləri, xüsusilə Bakıda artsax liderlərinə qarşı qurulmuş məhkəmə tamasasını sadəcə bir müşahidəçi kimi kənardan seyr edə bilmərik. Qəti tədbirlər görməyin zamanıdır.”
Bu sərsəmləmədə yer alan bütün absurd, realıqdan tamamilə uzaq ittihamaların məsuliyyətini Zatulinin olmayan vicdanının öhdəsinə buraxaraq nankor əhləhə yalnız bir tarixi həqiqəti xatırlatmaqla kifayətlənirik. “Həmin vaxt azərbaycanlılar bir xalq kimi mövcud olmayıblar” dediyin XII əsrdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin həmişəyaşar poeziyası dünyanı fəth edəndə sənin əcdadların hələ də taxta çəlləkdə çimirdilər. Bu, sizin tarixçilərin də etiraf etdikləri danılması mümkün olmayan həqəqətdir! Bax, belə! Əslində Azərbaycana qarşı bu iftiraları, böhtanları özlərini Rusiya hakimiyyətinə müxalif adlandıran, reallıqda isə Kremldən idarə edilən qüvvələrdən biri atsaydı bəlkə də əhəmiyyət verməyə dəyməzdi. Uzaq başı “it hürər, karvan keçər” deyib üstündən sükutla keçmək olardı. Lakin absurd olduğu qədər də əsassız olan bu iftiraların, şər-böhtanların Rusiyanın ali qanunvericilik orqanında hakim partiyanı təmsil edən, parlamentdə yüksək vəzifə daşıyan birisinin dilindən bəyan edilməsi belə bir sualın yaranmasına səbəb olur: Azərbaycana və Türkiyəyə qarşı hədyanları, böhtanları, iftiraları bitib-tükənmək bilməyən Zatulinin zəngiri kimin əlindədir?
Yeri gəlmişkən, belə görünür ki, Zatulinə qədər Rusiyanın şovinist-millətçi kəsiminin lideri hesab edilən, “rus əsgəri çəkmələrini Hind okeanının sahillərində yumalıdır” deyən, həyatı boyu qatı anti-Azərbaycan, anti-Türkiyə baxışları ilə fərqlənən gorbagor Vladimir Jirinovski xələfi Zatulinə baxanda, necə deyərlər, toya getməli imiş. Heç olmasa Jirinovski Azərbaycan və Türkiyəyə qarşı hücuma keçəndə hərdənbir görüntü xatirinə ermənilərə də kəllə atırdı. Əlbəttə, belə epizodlar Jirinovskinin dədəsi Volfa (?!) rəhmət oxutması üçün kifayət deyil (ümumiyyətlə, jirinovskilərin, zatulinlərin, solovyovların və digər qatı millətçi-şovinist ovların, yevlərin nəiniki atalarına, hətta yeddi arxa dönənlərində bircə nəfərə də rəhmət düşmür), amma hər halda o, aradabir Hayastana Rusiyanın nökəri olduğunu xatırlatmağı bacarırdı. Zatıqırıq Zatulin isə bu gün özünü və təmsil etdiyi Rusiya kimi nəhəng bir dövləti keçmiş vassalının qarşısında rəzil vəziyyətə salmaqda davam edir. Bu qədər sadə və bu qədər anlaşıqlı...
Əhməd Qurbanoğlu, “İki sahil”