Mənəviyyatsızlar üçün Vətən, torpaq, xalq anlayışı yoxdur. Son zamanlar xarici ölkələrdə “siyasi mühacir” adı ilə məskunlaşan “sapı özümüzdən olan baltalar”ın ilk sırasında yer tutan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov məhz belələrindəndir. Bu xəyanətkarların son vaxtlar sosial şəbəkələrdə Azərbaycan əleyhinə apardıqları qarayaxma kampaniyası məhz mənəviyyatsızlığın pik nöqtəsidir.
Bu antimilli ünsürlərin fəaliyyət proqramının kökündə zoru, pozuculuğu, anarxizmi daha da şiddətləndirmək naminə ən məkrli və avatürist metodlardan istifadə edilməsi dayanır. Şübhəsiz, erməni lobbisinin təsiri altında olan bəzi xarici təşkilatların və Azərbaycan əleyhdarlarının verdikləri pulların qarşılığında onların basqı və həmlələrinin bu xəyanətkar dəstənin başı üzərində “Demokl qılıncı” kimi asıldığı da danılmaz faktdır.
Avropanın müxtəlif ölkələrində daldalanan, anti-Azərbaycan dairələrin və müxtəlif xarici xüsusi xidmət orqanlarının toruna düşən savadsız, dünyagörüşsüz, ideya-siyasi cəhətdən özünüdərkin sıfır nöqtəsində olan, milli düşüncədən məhrum məhəmməd mirzəlilərə, tural sadıqlılara, qabil məmmədovlara üstünlük vermələri hamımıza məlumdur.
Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan, ayrı-ayrı Qərb ölkələrində mühacir adı ilə məskunlaşan Tural Sadıqlı, Qabil Məmmədov, Məhəmməd Mirzəli, Qurban Məmmədov kimilərin sosial şəbəkələrdəki antimilli çıxışları, “moizələri” bir daha təsdiq edir ki, əslində bütün bunlar merkantil bir şəbəkənin xaotik özfəaliyyəti yox, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir prosesdir. Daha doğrusu, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Təbii ki, bütün bunların təməlində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən məlum dairələr dayanır. Öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyən bədxahlarımız bu işdə məlum antimilli ünsürlərdən ustalıqla istifadə edirlər.
Ermənipərəst dairələrin, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən həmin “siyasi mühacirlər”in sosial şəbəkələrin yaratdığı geniş imkanlardan istifadə edərək Azərbaycan əleyhinə apardıqları qarayaxma kampaniyasında artıq erməni izi açıq-aşkar görünür. Artıq bəlli olub ki, ermənilər Azərbaycanın dövlət maraqlarının əleyhinə təbliğat aparan bu qaragüruha ianə adı ilə külli miqdarda pullar verir, həmin “müstəqil bloqgerlər”in ofis, ev xərclərini ödəyir, onlara hər cür şərait yaradırlar.
Heç bir cinayət cəzasıq qalmır. Dəfələrlə yazmışıq ki, Azərbaycan dövlətinə, xalqımızın milli maraqlarına qarşı ermənipərəst və anti-Azərbaycan dairələrlə işbirliyində fəaliyyət göstərən bu ünsürlər mütləq ölkəmizin hüquq-mühafizə orqanları qarşısında cavab verməlidirlər.
Budur vaxt gəldi, vədə yetişdi. Uzun illərdən bəri xaricdə Azərbaycan əleyhinə təbliğat aparan, kəskin təhqirlər səsləndirən bir neçə bloqer təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikasının Baş Prokurorluğuna çağırılıb.
Mənəviyyatsız, vətəndaşlıq hissini itirən, erməni lobbisinin təsiri altında olan təşkilatlardan maliyyələşən belələrinin maskalarını yırtmaq, gizli niyyətlərini aşkara çıxarmaq, iç üzünü açıb tökmək üçün milli birliyi və həmrəyliyi dəstəkləyən, milli nailiyyətləri qürur mənbəyi kimi təbliğ edən hər bir vətənpərvərin, siyasi əqidəsindən, dünyagörüşündən asılı olmayaraq hər bir vətəndaşımızın borcudur.
Zahid Rza, “İki sahil”